BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görüşdə, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirrel iştirak ediblər. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri iki ölkə arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununun təşkil etdiyi xüsusən vurğulanıb. Nazirin sözlərinə görə, iki ölkə arasında bir çox sahəni ehtiva edən çoxşaxəli dinamik inkişaf edən münasibətlər mövcuddur”.
Daha sonra xəbərdə, “Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan T.Musayev deyib: “Şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Eyni zamanda, nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində veteranlarımız üçün bir çox tibbi xidmətlər göstərilir”. Nazir çıxışının sonunda gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib” deyə bildirilir.
Xəbərdə həmçinin deyilir ki, “səmimi qarşılanmaya görə minnətdarlığını bildirən L.C.Alderdays Britaniyanın Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, bu münasibətlər təkcə ticarət və investisiyalarla məhdudlaşmır, eyni zamanda, uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan dövlətinin şəhid ailələri və müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən L.C.Alderdays Böyük Britaniyanın bu istiqamətdə də müvafiq dəstək göstərməyə hazır olduğunu vurğulayıb”.
Konstruktiv anlaşma şəraitində keçən görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





