Yeni investisiya layihələri müzakirə edilir
BAYRAQDAR MEDİA – “Hazırda Qarabağ və Şərqi Zəngəzurda 5-10 min insanın işlə təmin olunacağı yeni investisiya layihələri müzakirə edilir”.
Bunu Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat jurnalistlərə açıqlaması zamanı bildirib.
Jurnalistlərə açıqlamasında TÜİB sədri onu da deyib ki, hazırda bu məsələlərlə bağlı danışıqlar gedir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərdə iştirak üçün müraciət edən Türkiyə şirkətlərinini sayını açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər 100-dən çox Türkiyə şirkəti belə müraciət edib.
Xatırladaq ki, dekabrın 23-də Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. Dekabrın 10-da isə həm TÜİB-in 2025-ci ildə həyata keçirdiyi fəaliyyətlər və əsas nəticələri, həm də II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə ətraflı məlumat vermək üçün media nümayəndələri ilə görüş keçirilib.









