BAYRAQDAR MEDİA – Ardahan Universitetində təhsil alan xarici tələbələr üçün “Beynəlxalq Tələbə Adaptasiya Proqramı” ilə bağlı məlumatlandırma toplantısı keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, Ardahan Universiteti Senat Otağında keçirilən toplantıda təhsilə yeni başlayan xarici tələbələrin adaptasiya prosesinə dair məlumat və dəyərləndirmələr aparılıb: “Rektor Prof. Dr. Öztürk Emiroğlunun rəhbərliyi ilə keçirilən toplantıda Ardahan Göç İdarəsi Müdürü Hasan Kırıkoğlu, Yurd Xidmətləri Müdürü Işıl Güllüdağ, Yurd İdarə Birimi Şöbə Müdürü Ümit Güler, ARÜ-nün Beynəlxalq Tələbə Koordinatoru Nurgül Moldalieva Orozobayeva və universitetdə təhsil alan xarici tələbələr iştirak ediblər. Toplantıda xarici tələbələrin yataqxana, adaptasiya və məsləhət proseslərinə dair mövcud vəziyyət müzakirə edilərək Göç İdarəsi, yataqxana rəhbərliyi və universitetin əlaqəli bölmələri arasındakı əməkdaşlıqlar qiymətləndirilib. Tələbələrin akademik, sosial və mədəni adaptasiyasını dəstəkləyəcək fəaliyyətlər barədə məlumat verilib”.
Məlumatda deyilir ki, toplantıdan sonra Ardahan Universitetində təhsil alan Özbəkistanlı tələbələr Rektor Emiroğluna Özbək milli geyimi hədiyyə ediblər: “Rektor Emiroğlu qiymətli hədiyyələrə görə təşəkkür edərək ARÜ-nün beynəlxalq vizyonu çərçivəsində xarici tələbələri dəstəkləməyə davam edəcəklərini bildirib”.





