Press "Enter" to skip to content

Rum tərəfinin zehniyyəti dəyişməyib

Oğuzhan Hasipoğlu

KKTC-li nazir: Bu şərtlərlə federasiya danışıqlarının nəticə verəcəyini heç kim gözləmir

BAYRAQDAR MEDİA – “Bildiyiniz kimi, biz Kıbrıs türkləri olaraq 40 il federasiya ilə bağlı danışıqlarda iştirak etmişik. 2004-cü ildə Annan Planı prosesini yaşadıq. Biz referendumda plana “bəli” desək də, rumlar “xeyr” dedi. Buna baxmayaraq, cəzalanan biz olduq, lakin mükafatlandırılan onlar oldu: Rum tərəfi təkbaşına Avropa Birliyinə üzv qəbul edildi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində KKTC-nin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu deyib.

Nazir “bütün bunlara rəğmən biz yenə də sülhün və ədalətli münasibətlərin qurulmasına sadiq qalaraq federasiya ilə bağlı danışıqlarda iştirak etdik. Lakin 2017-ci ildə Crans Montana danışıqlarında o vaxtkı rum lideri Anastasiadis açıq şəkildə dedi ki, “Anlaşmanın imzalanmasını istəyirsinizsə, adada bir dənə də olsun türk əsgəri qalmamalıdır, Türkiyənin müdaxilə haqqı aradan qaldırılmalıdır.” Bununla da əslində danışıqlar masasını özü dağıtdı” deyib.

O.Hasipoğlu qeyd edib ki, KKTC-nin mövqeyi dəyişməzdir: “Biz federasiyaya yenə şans verdik. Lakin həm bugünkü iqtidarın, həm Ulusal Birlik Partiyasının, həm də mənim şəxsi fikrimə görə rum tərəfi adanın idarəsini və sərvətlərini bizimlə paylaşmaq istəmir. Onlar bizi azlıq kimi öz təsirləri altına alaraq birlikdə yaşamağı təklif edirlər. Kıbrıs türkləri belə bir anlayışı heç vaxt qəbul etməz. Aradan uzun müddət keçməsinə baxmayaraq, rumun zehniyyətinin dəyişmədiyi bu günlərdə onların mövcud lideri tərəfindən verilən açıqlamalarla bir daha təsdiqləndi. O, dedi ki, “Anlaşma istəyirsinizsə, türk əsgəri adadan çıxmalıdır”. Türk əsgərinin adadan çıxmasının nəyə səbəb ola biləcəyini artıq izah etməyə ehtiyac yoxdur. Bunu bu gün Fələstində baş verənlər, bir zamanlar Bosniyada yaşananlar açıq şəkildə göstərir. Biz bunlardan dərs çıxarmışıq və Türkiyənin adadan çıxmasını istəyənlərin əsl niyyətini yaxşı anlayırıq. Türkiyənin qarant olması və qalıcı müdaxilə haqqı bizim üçün qırmızı xəttdir, bu mövqedən bir addım belə geri çəkilməyəcəyik”.

Qeyd edilib ki, rum tərəfi türk tərəfi ilə nə idarəçiliyi, nə də siyasi bərabərliyi bölüşmək istəmir: “Bu şərtlər altında hazırkı Cumhurbaşqanı Tufan Erhurmanın federasiya danışıqlarını aparması mümkün deyil. Hansı formatda təqdim olunmasından asılı olmayaraq bu şərtlərlə federasiya danışıqlarının nəticə verəcəyini heç kim gözləmir”.

Mission News Theme by Compete Themes.