BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyi (SN) birgə məlumat paylaşıb. AQTA-ya Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən Çində fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “məlumatda qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycanda fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib. Bildirilib ki, sözügedən fincanlar SN-in Respublika Sanitariya – Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib”.
Daha sonra xəbərdə, “həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə sözügedən Mərkəzə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq” deyə bildirilir.
AQTA və SN məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir.





