Qar adam yol hərəkəti təhlükəsizliyi üçün “danışdı”
BAYRAQDAR MEDİA – Karsda təsirli olan qar yağışından sonra mərkəzə bağlı Bulanık kəndi ibtidai məktəbinin şagirdləri nümunəvi bir maarifləndirmə aksiyasına imza atıblar.
Bu barədə karsguncel.com saytı məlumat yayıb.
Məlumata görə, balaca şagirdlər məktəbin qarşısında düzəltdikləri qar adam vasitəsilə sürücülərə “Məktəb zonasında diqqətli olun” mesajı göndərərək həm təbəssüm yaradıb, həm də düşündürüblər: “Uşaqların bu mənalı çağırışı qısa müddətdə cavabsız qalmayıb. Kars İl Xüsusi İdarəsinin əməkdaşları Bulanık kəndinə gələrək məktəb ətrafına yol hərəkəti ilə bağlı xəbərdaredici nişanlar quraşdırıblar. Beləliklə, şagirdlərin həssas yanaşması konkret təhlükəsizlik tədbirinə çevrilib”.
Məlumata əsasən, İl Xüsusi İdarəsinin kəndlərdə yerləşən məktəb zonalarına yönəlik xəbərdaredici nişanların quraşdırılması ilə bağlı fəaliyyəti vətəndaşlar tərəfindən də təqdirlə qarşılanıb. Xüsusilə kənd ərazilərində məktəblərin qarşısından keçən avtomobillərin sürətlə hərəkət etməsi ciddi risk yaratdığı üçün bu cür tədbirlər sürücülərin maarifləndirilməsi baxımından həyati əhəmiyyət daşıyır.





