Press "Enter" to skip to content

“Naxış və siluet” fərdi sərgisi olacaq

“Naxış və siluet” fərdi sərgisi olacaq

BAYRAQDAR MEDİA – Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunacaq. Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir. Sərgidə qədim xalça naxışları ilə vəhdətdə təsvir olunan Qarabağ atları, həmçinin qadın portretləri xüsusi yer tutur. Atın hərəkəti, gücü və poetik silueti ornamentlərin strukturlaşdırılmış ritmi ilə ahəngdarlıq təşkil edir. Digər əsərlərdə isə xalça motivləri qadının kimliyi, ruhu, keçmişlə əlaqəsi və müasir dünyada özünüifadə forması kimi təqdim olunur”.

Ənənənin müasirliklə qovuşduğu sərgi Qarabağın mədəniyyət xəzinəsinin qorunduğunu, eyni zamanda, yenidən interpretasiya edilərək gələcəyə daşındığını göstərən sənət manifestidir. Sözügedən Muzey Azərbaycan xalqının zəngin xalça irsindən bəhrələnərək yeni əsərləryaradan gənc rəssamlara daim dəstək göstərir. Bu baxımdan “Naxış və siluet” layihəsi milli irsin müasir təqdimatı istiqamətində növbəti əlamətdar hadisədir.

Qeyd edək ki, sərgi 21 dekabr tarixinədək davam edəcək.

Mission News Theme by Compete Themes.