BAYRAQDAR MEDİA – Ortaq türk dili ideyası – XIX-XX yüzillərdən bəri Türk dünyasının böyük aydınlarının düşüncəsində formalaşmış bir diləkdir, hədəfdir; İsmayıl Qaspralının ümumtürk mədəniyyətinə çağırışı bunun ilk mərhələlərindən biridir. Bu məqsəd daha çox ünsiyyət, mədəni körpülər, birlik hissi yaratmaq diləyindən, hədəfindən doğub.
Lakin dilin inkişafı – statik ortaq konstrukt deyil, əlbəttə; əlbəttə, canlı, dəyişən, toplumun yaşam tərzinə bağlı bir prosesdir. Hər bir türk dili özünün tarixi, coğrafiyası və ictimai-mədəni təcrübəsi ilə fərqlənir. Bu dillər: müxtəlif sözlük və qrammatik normativlərə malikdir; özünəxas ifadə imkanları ilə mədəni və elmi fikri formalaşdırır; bölgəsəl kimlik və milli şüurun əsas dayaqlarını təşkil edirlər və s.
Bu cəhətdən “ortaq türk dili” ən azı yaxın dönəmlərdə ünsiyyət vasitəsidir və heç də ayrı-ayrı dillərin müstəqil inkişafını əvəz edə bilməz. Əksinə, əgər ortaq dil yerli dillərin zənginliyini boğmadan, onların müxtəlifliyini bir qlobal konteksdə bağlayan vasitə olarsa, bu, dil ailəsinin bütün üzvlərinin gücünü artırar, elə deyilmi? Belə bir vasitə – dilin “standartlaşdırılması” yox, dialoqu və qarşılıqlı zənginləşməni təmin edən mədəni kommunikasiya platformudur.
Türk dillərinin elm, texnologiya və innovasiya sahəsində gerçək funksionallıq qazanması üçün sadəcə danışıq dəstəyi və mədəni xəzinə yetərli deyil – sistematik dil infrastrukturu qurmalıyıq:
Birincisi, terminologiya və standartlaşdırmaya vurğu edək.
Elm və texnologiya terminlərini bir standartda işlətmək üçün ortaq terminoloji bazalar yaradılmalıdır; bu, türk dillərinin qarşılıqlı anlaşmasını gücləndirər və bilik kommunikasiya məhsuldarlığını artırar;
ikinci vurğumuz, rəqəmsal resurs və texnologiyalarıdır.
Türk dilləri üzrə böyük korpuslar, belə deyək, təlimçi süni intellekt modelləri, çevirmə, uyğunlaşdırma və nitq texnologiyaları qurulmalıdır. Bu, danışıq dili ilə yanaşı, elmi və texniki mətni də dəstəkləyən dil mühəndisliyidir – örnəyi, Azərbaycan dili üçün paralel korpuslar və maşın çevirmə sistemləri uğura gedən yoldur;
üçüncüsü, təhsil və akademik işbirliyini deməliyik.
Elm-təhsil sahələrində türk dillərinin məzmunlu olması üçün universitetlər, araşdırma institutları və texnoloji mərkəzlər ortaq layihələr, araşdırmalar və alış-veriş, başqa sözlə, mübadilə proqramları həyata keçirməlidir. Bu, ayrı-ayrı dillərin elmi potensialını həm də ümumtürk bilim məkanına çevirməklə onların inkişafını çoxaldar.
Belə yanaşma – dilin zənginliyini texnoloji və elmi kontekstdə möhkəmləndirmək deməkdir.
Azərbaycan dili, türk dilləri ailəsinin oğuz qrupu içindədir və bu ailə içində həm tarixi kökləri, həm də çağdaş rolu ilə önəmli mövqe tutur.
Azərbaycan dili
-geniş əhali kütləsi, qovşaq coğrafi mövqeyi ilə zəngin ədəbi və elmi ənənəyə sahibdir;
-dialektal müxtəlifliyi və ifadə imkanları ilə türk dünyasının mədəni müxtəlifliyini əks etdirir;
-bölgəsəl dil kimi həm Qafqaz, həm Anadolu, həm də Türküstan türk dilləri ilə intercultural – yəni mədəniyyətlərarası bağlantılar yarada bilir.
Bu baxımdan Azərbaycan dili – türk dil ailəsinin həm ənənəvi bünövrələrindən birini təşkil edir, həm də günümüzdə elmi, mədəni və texnoloji sahələrdə güncəl rola malikdir. Onun inkişafı milli perspektiv olmaqla birgə, bütöv türk mədəni irsinin dünya səviyyəsində tanınması baxımından da vacibdir.
Beləliklə, ortaq türk dili ideyası – ayrı-ayrı türk dillərinin inkişafına zərər verməməli, əksinə onların bir-biri ilə elmi və mədəni dialoqunu gücləndirməlidir. Elm, texnologiya və innovasiya üçün isə standartlaşma, rəqəmsal resurslar və təhsil sahəsində sistemli islahatlar aparılmalıdır. Azərbaycan dili – bu böyük ailənin canlı, dinamik və gələcəyə baxan bir üzvüdür.
Türk Dilləri Ailəsi Günü qutlu olsun!
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”!









