BAYRAQDAR MEDİA – Türkiyədə elektrik enerjisi haqqını ödəyən milyonlarla vətəndaşı əhatə edəcək yeni tənzimləmə üçün geri sayım başlayıb. Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 yanvar 2026-cı il tarixindən etibarən son mənbə təchizatı tarifi yenilənəcək.
Bu barədə haberankara.com saytı məlumat yayıb.
Məlumata görə, ediləcək dəyişiklikdən 2,5 milyon abonent təsirlənəcək və bu şəxslər dövlətin elektrik dəstəyindən yararlana bilmədikləri üçün hesab-fakturalarında artım olacaq: “Nazirliyin bu il ilk dəfə tətbiq etdiyi son mənbə təchizatı tarifində illik istehlak həddi 5 min kilovatsaatdan 4 min kilovatsaata endiriləcək. Aylıq orta hesabla 333 kilovatsaat, yəni təxminən 984 TL-lik istehlakı aşan ev təsərrüfatları 1 yanvardan etibarən tarif pilləsinə daxil ediləcək”.
Məlumata əsasən, Türkiyədə mövcud olan 43 milyon elektrik abonentinin yalnız 2,5 milyonu bu dəyişiklikdən təsirlənəcək: “Yəni sistemdəki təxminən 6 faizlik hissə artıq dövlət dəstəyi almayacağı üçün daha yüksək hesab-faktura ödəyəcək. Elektrik paylayıcı şirkətlərin bu abonentlərə məlumat mesajları göndərməyə başladığı bildirilir. Mesajlarda istehlakın son mənbə təchizatı tarifi limitini aşdığı və istənildiyi təqdirdə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) rəsmi internet saytında yer alan tədarükçü şirkətlərlə ikitərəfli müqavilə bağlamaq imkanının olduğu qeyd edilir”.



