BAYRAQDAR MEDİA – Dekabrın 16-da mədəniyyət naziri Adil Kərimli ilə BMT-nin Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə Ali nümayəndəsi və islamofobiya ilə mübarizə üzrə Xüsusi Elçisi Miguel Ángel Moratinos arasında ikitərəfli görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq münasibətləri və bu əməkdaşlığın gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Növbəti il Bakı şəhərində UNAOC-un tərəfdaşlığı ilə keçirilməsi planlaşdırılan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məsələləri müzakirə olunub. Eyni zamanda, BMT-nin Sivilizasiyalar Alyansının XII Qlobal Forumunun 2027-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünün UNAOC Dostlar Qrupu ilə birgə müzakirə edilməsi barədə razılıq əldə olunub”.
Sonra xəbərdə, “tərəflər “Bakı Prosesi” çərçivəsində formalaşmış tərəfdaşlığın beynəlxalq mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynadığını vurğulayıblar. Müzakirələr zamanı Azərbaycanın UNAOC-la birgə həyata keçirdiyi təşəbbüslər, o cümlədən əvvəlki illərdə təşkil olunmuş beynəlxalq forumlar, cari dövrdə keçirilən tədbirlər və növbəti mərhələdə planlaşdırılan forumlar barədə fikir mübadiləsi aparılıb. Bu platformaların multikultural dəyərlərin təşviqi, dini və mədəni dözümlülüyün möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd edilib” deyə qeyd edilir.
Görüşdə, həmçinin qlobal çağırışlar fonunda mədəni diplomatiyanın rolu, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Tərəflər Azərbaycan ilə UNAOC arasında əməkdaşlığın bundan sonra da qarşılıqlı hörmət və ortaq dəyərlər əsasında inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.





