Press "Enter" to skip to content

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlıq

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlıq

BAYRAQDAR MEDİA – AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı Azərbaycan ilə Slovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Görüşdə əsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanların yaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bu çərçivədə bildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə “Wizz Air” aviaşirkəti arasında keçirilən işgüzar görüş nəticəsində Bakı–Bratislava–Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib. Sözügedən marşrut üzrə reyslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən etibarən “Wizz Air” aviaşirkəti tərəfindən icrası planlaşdırılır”.

Daha sonra xəbərdə, “AZAL-ın prezidenti bildirib ki, Bakı – Bratislava marşrutunun açılması turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçün daha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq. Öz növbəsində E.Qasımov Slovakiya tərəfinin birbaşa aviareysin açılmasında maraqlı olduğunu vurğulayaraq Bratislava şəhərindən “Wizz Air” aviaşirkətinin 30-dan artıq istiqamət üzrə geniş marşrut şəbəkəsinə malik olduğunu, həmçinin Slovakiyada 5 mindən çox Azərbaycan vətəndaşının yaşadığını diqqətə çatdırıb” deyə bildirilir.

Son illər ərzində AZAL-ın marşrut şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənərək Avropa, Asiya, Mərkəzi Asiya və Körfəz regionu üzrə əvvəlki 25 istiqamətdən 40-a yaxın istiqamətə çatması və hava limanının aviasiya şəbəkəsində mühüm mövqeyə malik olması görüş zamanı müzakirə olunub. Paralel olaraq aviaşirkət parkın mərhələli şəkildə yenilənmə prosesini davam etdirir, müasir və yanacağa qənaətcil “Airbus” və “Boeing” təyyarələri ilə donanmasını gücləndirir ki, bu da əməliyyat səmərəliliyinin və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Mission News Theme by Compete Themes.