BAYRAQDAR MEDİA – Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq “E-Polis” mobil tətbiqinə inteqrasiya edilib. Bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala biləcəklər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yeni çat-bot funksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis” platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalında istifadəyə verilib. Yəni vətəndaşlar müxtəlif xidmətlər haqqında tez-tez ünvanlanan suallara süni intellektin köməkliyi ilə dərhal cavab ala biləcəklər. Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar çat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır”.
Ardınca xəbərdə, “sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək” deyə bildirilir.





