BAYRAQDAR MEDİA – Dekabrın 16-da Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi və akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Memorandum Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun təşkilatçılığı ilə keçirilən doktorant və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransı (NASCO XXVIII) çərçivəsində MDU-nun rektoru Anar Eminov və ADNSU-nun rektoru Rüfət Əzizov tərəfindən imzalanıb. İmzalanan Memorandumun əsas məqsədi tərəflər arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsidir. Sənəd çərçivəsində professor-müəllim heyətinin və tədqiqatçıların mübadiləsi, birgə konfrans və simpoziumların təşkili, ortaq elmi-tədqiqat və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə təcrübələri üzrə məlumat mübadiləsi, eləcə də mütəxəssislərin ixtisasının artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur”.
Bildirək ki, Memorandum MDU-nun elmi potensialının gücləndirilməsi, akademik mühitin inkişafı və ölkənin aparıcı ali təhsil müəssisələri ilə strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, konfransa qəbul edilmiş 610 məqaləni 106-ı MDU-nun doktorant və gənc tədqiqatçılarının payına düşür.





