Press "Enter" to skip to content

TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunub

Vüqar Qurbanov

Vüqar Qurbanov: Səhiyyə sahəsinə göstərilən yüksək diqqət dövlət siyasətinin əsas prioritetlərindən biridir

BAYRAQDAR MEDİA – TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirilib.

Tədbir zamanı
Tədbir zamanı

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, müşavirdə 2025-ci ilin 11 ayının nəticələri və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında geniş müzakirə aparılıb: “Vüqar Qurbanov müşavirədə çıxış edərək ölkədə səhiyyə sahəsinə göstərilən yüksək diqqətin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. O qeyd edib ki, əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdikləri xüsusi diqqət və qayğının nəticəsidir. Bu diqqət nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir avadanlıqlarla təchiz olunub və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti davamlı şəkildə artırılıb”.

Müşavirədən foto
Müşavirədən foto

Məlumata görə, İcraçı direktor vurğulayıb ki, bu etimadın qarşılığında əsas məqsəd vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və sağlamlığın etibarlı şəkildə qorunmasıdır: “O qeyd edib ki, 2025-ci il ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində milyonlarla tibbi xidmət göstərilib, ambulator və stasionar xidmətlərin həcmi artıb, nəticədə müraciətlərin sayı yüksəlib. V.Qurbanov bu nailiyyətlərdə səhiyyə idarəçilərinin və fədakar həkimlərin xüsusi rolunu qeyd edib. Çıxışda bildirilib ki, TƏBİB 2025-ci ildə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlar, forumlar və irimiqyaslı tədbirlər zamanı tibbi xidmətin təşkilində yaxından iştirak edib. Tədbirlər çərçivəsində tibbi briqadalar formalaşdırılıb, təcili tibbi yardım, ambulator və stasionar xidmətlər operativ şəkildə təşkil olunub, iştirakçıların və qonaqların sağlamlığı beynəlxalq standartlara uyğun şəkildə təmin edilib”.

V.Qurbanov səhiyyə sistemində baş verən mühüm yeniliklərə də toxunub: “O bildirib ki, Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində böyrək transplantasiyası əməliyyatı icra edilib, daha sonra canlıdan-canlıya qaraciyər transplantasiyasının icrasına başlanılıb. Qeyd olunub ki, bu nəticələr klinikanın cərrahiyyə və transplantasiya imkanlarının yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda Yeni Robotik Reabilitasiya Mərkəzinin açılışının baş tutduğu, açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın və Alena Əliyevanın iştirakının həyata keçirilən işə verilən yüksək dəyərin göstəricisi olduğu diqqətə çatdırılıb”.

Müşavirə zamanı
Müşavirə zamanı

Məlumatda deyilir ki, çıxışda qarşıda duran vəzifələrə xüsusi diqqət yetirilib: “Vüqar Qurbanov bildirib ki, icbari tibbi sığortanın yaratdığı imkanlardan maksimum istifadə etməli, səhiyyə xidmətlərinin keyfiyyət və əlçatanlığını bütün regionlarda artırmalıdır. O, Sümük İliyi Transplantasiyası Mərkəzinin qurulduğunu qeyd edərək, bu Mərkəzin fəaliyyətinin təmin edilməsi və genişləndirilməsinin növbəti il üçün əsas prioritetlərdən biri olduğunu bildirib”.

Sonra ixtisaslı tibbi xidmətlərin təşkili sahəsində görülən işlər və mövcud çağırışlar barədə çıxış edən İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, 2025-ci il ərzində əvvəlki illərlə müqayisədə müsbət göstəricilərdə artım, neqativ göstəricilərdə isə azalma qeydə alınıb. Bununla belə, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu nəticələrlə kifayətlənməyin mümkün olmadığı, müsbət dinamikanın davam etdirilməsi və yeni nailiyyətlərin əldə olunmasının prioritet olduğu vurğulanıb.

Çıxışda eyni zamanda göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi, düzgün tibbi qeydiyyatın aparılması və elektron sistemlərdən istifadənin maksimum səviyyəyə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb. Yeni xidmətlərin yaradılması istiqamətində müəssisələrin təşəbbüskarlığının artırılmasının vacibliyi qeyd olunub. Çıxışda həmçinin tibbi xidmətlərin keyfiyyətinin təmin olunması üçün klinik protokollara, TƏBİB-in təlimat və qaydalarına, eləcə də mövcud qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb. Təcili tibbi yardım şöbələrinin hazırlıq səviyyəsi, reanimasiya çarpayılarının çatışmazlığı və ana və uşaq sağlamlığı sahəsində mövcud problemlər də diqqətə çatdırılıb.

Müşavirə çərçivəsində Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva tərəfindən cari ilin 11 ayı üzrə tibbi sığorta sahəsində görülmüş işlərə dair təqdimat edilib. Təqdimatda Tibbi sığorta departamentinin fəaliyyətinə dair konkret rəqəmlər, faiz göstəriciləri, maliyyə məbləğləri, dinamika və müqayisəli statistikalar əsasında formalaşdırılmış əsas göstəricilər diqqətə çatdırılıb.

Sonra TƏBİB-in Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov tərəfindən 2024 və 2025-ci il üzrə icra vəziyyəti, həmçinin 2026-cı il üçün büdcə yanaşmasına dair ətraflı təqdimatla çıxış edib. O həmçinin bildirib ki, mövcud icra nəticələri nəzərə alınmaqla 2026-cı il üçün büdcə real icra potensialına uyğunlaşdırılıb.

Növbəti mərhələ üçün rüblük icra nəzarətinin gücləndirilməsi, satınalma prosedurlarının təkmilləşdirilməsi və 2026-cı il büdcə proqnozlarının bu ilin nəticələri əsasında hazırlanması əsas prioritetlər kimi təqdim olunub.

Müşavirədə tibb müəssisələrində tibbi xidmətin təşkilində mövcud çətinliklər, idarəetmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar səsləndirilib. Qeyd olunub ki, bəzi müəssisələrdə əlavə ödənişlərin tələb edilməsi, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı xəstələrə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi vəs. kimi hallaryolverilməzdir. Bununla yanaşı, aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiyaya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib.
Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Sonda qış mövsümü ilə əlaqədar olaraq tibb müəssisələrində yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi, profilaktik yoxlamaların mütəmadi aparılması, personalın maarifləndirilməsi və təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyi qeyd olunub.

Qeyd edilib ki, vətəndaşların və tibb işçilərinin təhlükəsizliyi prioritet məsələdir.

İcraçı direktor həkimlərin və tibb işçilərinin cəmiyyətdə nüfuzunun gücləndirilməsinin, onların əməyinə hörmətin artırılmasının və daim yanında olmağın mənəvi borc olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.