Bakıda illik turizm dəyərləndirilməsi müzakirə ediləcək
BAYRAQDAR MEDİA – Bakı turizmlə bağlı daha bir tədbirə evdə sahibliyi edir. Dekabrın 16-da “2025-ci ilin turizm dinamikası və 2026-cı ilə baxış” mövzusunda tədbir keçiriləcək. İllik turizm dəyərləndirilməsi xarakteri daşıyan tədbir Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və SKAL International Baku-nun birgə təşkilatçılığı ilə Qafqaz City Hotel-də reallaşacaq.
Təşkilatçılardan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, turizm sektorunun əsas maraqlı tərəflərini bir araya gətirəcək tədbir çərçivəsində “2025-ci ilin turizm dinamikası və 2026-cı ilə baxış” mövzusunda Panel müzakirəsi təşkil ediləcək. Paneldə Azərbaycanın turizm destinasiyası kimi rəqabətqabiliyyətli turizm məhsulunun yaradılması, eləcə də təchizat (tədarük) dəyər zəncirində innovativ yanaşmaların tətbiqi məsələləri geniş şəkildə müzakirə ediləcək.
Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri, turizm assosiasiyaları, hotellər, turizm şirkətləri, sağlamlıq və termal turizm müəssisələri, eləcə də sektor üzrə ekspertlər iştirak edəcək. Müzakirələr zamanı 2025-ci ilin nəticələri təhlil ediləcək, qlobal və regional turizm trendləri fonunda Azərbaycanın mövqeyi qiymətləndiriləcək və 2026-cı il üçün strateji prioritetlər müəyyənləşdiriləcək.
Tədbirin əsas məqsədi turizm sənayesində dəyər əsaslı məhsul inkişafı, innovasiya, davamlılıq və sektorlararası əməkdaşlığın gücləndirilməsi yolu ilə Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə verməkdir.





