Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müzakirəsi – VİDEO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müzakirəsi

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib. Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub. Sonra MN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib. Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb”.

Ardınca xəbərdə, “L.Ergün isə öz növbəsində 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək görüşlərin Bakıda təşkilinə görə Z.Həsənova təşəkkürünü bildirib, iki qardaş ölkə arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb. Görüşdə qardaş ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb” deyə bildirilir.

Mission News Theme by Compete Themes.