Rəşad Cabirli: “MÜSİAD Azərbaycan” təsis olunduğu 8 il ərzində hədəflərə çatmaq üçün məhsuldar fəaliyyət göstərib
BAYRAQDAR MEDİA – 2017-ci ildən fəaliyyət göstərən “MÜSİAD Azərbaycan” növbəti mühüm tədbirə hazırlaşır. Dekabrın 23-də qurumun növbəti Ümumi Yığıncağı keçiriləcək.
Bu barədə “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli dekabrın 16-da qurumun mərkəzi ofisində media təmsilçiləri ilə görüşündə deyib.

Qeyd edilib ki, görüşdə məqsəd “MÜSİAD Azərbaycan” tərəfindən 2025-ci il ərzində həyata keçirilən fəaliyyətlər və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəflər barədə məlumat vermək: “Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, dekabrın 23-də “MÜSİAD Azərbaycan”ın növbəti Ümumi Yığıncağı keçiriləcək. Yığıncaqda İdarə Heyətinin yeni üzvləri və sədri seçiləcək. Nizamnaməyə görə bir şəxs yalnız ən çoxu 2 müddətə ( hər biri iki il olmaqla) İdarə Heyətinin sədri seçilə bilər. Mən 2021-ci ildə İdarə Heyətinə sədrlik edirəm və Ümumi Yığıncaqda yerimi yeni seçiləcək sədrə verəcəm. Bəri başdan seçiləəck yeni sədrə uğurlar arzu edriəm”.

Daha sonra “MÜSİAD Azərbaycan”ın təsis olunduğu 8 il ərzində hədəflərə çatmaq üçün məhsuldar fəaliyyət göstərdiyi qeyd edilib: “Biz bu gün qürurluyuq. Çünki “MÜSİAD Azərbaycan” olaraq təsis olunduğumuz gündən etibarən (2017-ci il) vizyonumuza sadiq qalaraq, qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyəti ilə birləşdirməyi və qlobal iqtisadiyyatın fəal iştirakçısı olmağı əsas məqsəd kimi qarşıya qoymuşuq. Bu məqsədlə həm ölkə daxilində, həm də Türkiyədə və xarici ölkələrdə (Almaniya, Fransa, Çexiya, Özbəkistan, Qazaxıstan və s.) müxtəlif biznes forumları, təqdimatlar və işgüzar səfərlər təşkil etmişik. Həyata keçirdiyimiz fəaliyyətlərin nəticələrini ölçməyə, əldə etdiyimiz konkret göstəriciləri dəyərləndirməyə xüsusi önəm veririk və ölçə bildiyimiz nəticələri şəffaf şəkildə sizinlə bölüşürük”.
Rəşad Cabirli əsas qayənin keçmişdən miras alınan milli və mənəvi dəyərləri qorumaq, birliyimizi gücə çevirmək, bu dəyərləri gələcəyə daşımaq, ortaq hədəflərə inamla irəliləmək və gələcək nəsillərə daha güclü bir vətən əmanət etmək olduğunu deyib: “Bu istiqamətdə üzərimizə düşən məsuliyyəti dərk edərək, səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik”.
Rəçad Cabirli ötən müddətdə verdikləri dəstəyə görə media təmsilçilərinə təşəkkür edib.
Sonra media təmsilçilərinin sualları cavablandırılıb.









