Dr. Yücel Karauz: Bütün şərtlər Türkiyə əsgərlərinin sülhməramlı qüvvələrin tərkibində yer almasını mümkün və məqbul edir
BAYRAQDAR MEDİA – “Birləşmiş Ştatların Prezidenti Donald Tramp açıqlama verərək bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh bu günə kimi heç vaxt olmadığı qədər yaxındır. Bu bəyanat özü-özlüyündə çox mətləbdən xəbər verir. Görünən odur ki, həm Rusiya, həm də Ukrayna artıq əllərində qalan son “kozır”lardan istifadə edərək qarşı tərəfi atəşkəsə və mümkün sülh sazişini öz maraqlarına uyğun formada imzalamağa məcbur etməyə çalışır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Bu münasibət, təbii ki, Türkiyənin məsələyə tərəfsiz və balanslı yanaşması ilə bağlıdır
O bildirib ki, qeyd olunan vəziyyətdə, daha əvvəl də vurğulandığı kimi, Ukrayna ərazisinə beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsi olduqca məntiqli görünür: “Bu qüvvələrin vəzifəsi sülhün davamlılığını və sabitliyi qorumaq, eyni zamanda regionda hərbi proseslərə nəzarət etmək olacaq. Sülhməramlı kontingentin Rusiya və Ukrayna orduları arasında yaradılacaq təxminən 10-15 kilometrlik təhlükəsizlik zonasında yerləşdirilməsi nəzərdə tutulur”.
Bu qüvvələrin tərkibində Türkiyə əsgərlərinin olub-olmaması ilə bağlı suala cavab verən Dr. Yücel Karauz bildirib ki, müharibə başlayandan, daha doğrusu tərəflər arasında sülh danışıqlarının aparılması üçün Türkiyənin vasitəçilik cəhdlərindən sonra həm Rusiya, həm də Ukrayna Ankaraya müsbət yanaşıb. Bu münasibət, təbii ki, Türkiyənin məsələyə tərəfsiz və balanslı yanaşması ilə bağlıdır.
Hazırkı mərhələdə Avropanın öz təhlükəsizliyini təmin edəcək yetərli hərbi potensialı yoxdur
Onun sözlərinə görə, əgər belə bir sülhməramlı qüvvə formalaşarsa, Rusiya və Ukraynanın həmin kontingentin tərkibində Türkiyə əsgərlərinin yer almasına etiraz etməyəcəyi açıq-aydındır: “Eyni zamanda hər iki ölkənin Türkiyə kimi etibarlı və ölçülü-biçili mövqe sərgiləyən bir dövlətin iştirakına ciddi ehtiyacı var. Digər tərəfdən, Avropa baxımından da türk əsgərlərinin iştirakı sərfəlidir. Çünki hazırkı mərhələdə Avropanın öz təhlükəsizliyini təmin edəcək yetərli hərbi potensialı yoxdur. Üstəlik, proseslərin əvvəlindən Avropa tərəf kimi çıxış edib və Rusiyanın Avropaya etimadı yoxdur. Bu səbəbdən bütün şərtlər Türkiyə əsgərlərinin sülhməramlı qüvvələrin tərkibində yer almasını mümkün və məqbul edir”.
Türkiyəli general deyib ki, beləliklə, həm Avropa, həm NATO, həm də Rusiya və Ukrayna baxımından Türkiyə hərbçilərinin həmin bölgəyə yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibində olmasına real ehtiyac var: “Unutmaq olmaz ki, Türkiyə də artıq belə bir qərar veriləcəyi təqdirdə Ukraynaya sülhməramlı əsgər göndərə biləcəyini bəyan edib”.
Bir zamanlar Almaniyanın Doğu və Batı Almaniya olaraq bölünməsi necə qaçılmaz idisə, bu gün oxşar proses Ukrayna üzərində yaşanır
Atəşkəs əldə olunacağı və bölgəyə beynəlxalq qüvvələr yerləşdiriləcəyi təqdirdə, Ukrayna ərazisində ayrılmış bölgənin Avropa ilə Rusiya arasında yeni hərbi sərhəd halına gələcəyinə dair məqamla bağlı isə Dr. Yücel Karauz “bu, tarixi reallıqdır. Bir zamanlar Almaniyanın Doğu və Batı Almaniya olaraq bölünməsi necə qaçılmaz idisə, bu gün oxşar proses Ukrayna üzərində yaşanır. Müharibədən sonra Ukrayna faktiki olaraq iki hissəyə bölünəcək: Rusiyanın nəzarətində qalan ərazilər və Batının təsiri altında olan hissə” deyib.
Əvvəlki vahid və tam müstəqil Ukraynadan demək olar ki, əsər-əlamət qalmayacaq
General qeyd edib ki, Rusiyanın əsas tələblərindən biri Ukraynanın NATO-ya üzv qəbul edilməməsi, hərbisizləşdirilməsidir: “Bütün bunlar Moskvanın şərtləridir. Bu prizmadən baxdıqda, müharibənin sonunda əsas uduzan tərəfin Ukrayna olduğu aydın görünür. Ölkə ərazilərinin bir hissəsini itirib, qalan hissəsi isə təhlükəsizlik zəmanəti adı altında Batının nəzarətinə keçəcək. Beləliklə, əvvəlki vahid və tam müstəqil Ukraynadan demək olar ki, əsər-əlamət qalmayacaq”.
Dr. Yücel Karauz vurğulayıb ki, Ukrayna İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya nümunəsində olduğu kimi hərbisizləşdirilmiş, məhdud suverenliyə malik bir dövlətə çevriləcək: “Bu isə müharibənin həm siyasi, həm də hərbi baxımdan məğlub tərəfinin məhz Ukrayna olduğunu göstərir. Hətta tarixi baxımdan yeni bir “Berlin divarı”nın Rusiya ilə Ukrayna arasında formalaşması da istisna edilmir”.
Bu prosesdən sonra Polşa da faktiki olaraq Rusiya ilə birbaşa sərhəd ölkəsinə çevriləcək
General əlavə edib ki, bu prosesdən sonra Polşa da faktiki olaraq Rusiya ilə birbaşa sərhəd ölkəsinə çevriləcək: “Ukrayna ərazisinin bir hissəsinin Rusiyanın nəzarətinə keçməsi Polşanı birbaşa Rusiya ilə üz-üzə qoyacaq. Bu isə hərbi baxımdan Rusiyanın Avropaya daha da yaxınlaşması deməkdir”.
Dr.Yücel Karauzun sözlərinə görə, hadisələr bu istiqamətdə inkişaf edərsə, növbəti mərhələdə təhlükə altında Baltikyanı dövlətlər olacaq: “Bundan sonra Rusiya ilə Baltik ölkələri arasında gərginliyin daha tez-tez gündəmə gəlməsi real ehtimal kimi qiymətləndirilir”.





