Press "Enter" to skip to content

Valideyn konfransları davam edir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə Valideyn konfransları davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Binəqədi rayonu üzrə 276, Yasamal rayonu üzrə 53, Xətai rayonu üzrə 59 nömrəli tam orta ümumtəhsil müəssisələrində təşkil olunub.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Məlumata görə, konfranslarda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova, BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova uşaqların təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasının vacibliyini, eyni zamanda risklərin vaxtında müəyyənləşdirilməsi və uşaqların hüquqlarının qorunmasında sosial pedaqoqların rolunun əvəzsiz olduğunu diqqətə çatdırıb.

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev Valideyn konfranslarının əhəmiyyətindən, məktəb-icma münasibətlərinin tədris prosesində oynadığı mühüm roldan danışaraq valideynlərlə məktəb arasında qurulan səmərəli əməkdaşlığın, sağlam münasibətlərin şagirdlərin akademik və sosial inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.

Valideynləri məktəbin əsas tərəfdaşı adlandıran Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov onları təhsil ocağının ən yaxın dəstəkçisi və müdafiəçisi kimi çıxış etməyə, eyni zamanda məktəb nailiyyətlərinin, yenilikçi müəllimlərin fəaliyyətinin cəmiyyətə təqdim olunmasında fəallıq göstərməyə çağırıb.

Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova qurum təmsilçilərinin təhsil müəssisələrindəki fəaliyyəti, əhatə dairəsi barədə ətraflı məlumat verib.

“Tədris motivasiyası və öyrənməyə marağın artırılması”, “Ailədaxili ünsiyyət və uşaqlarla effektiv kommunikasiya”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzularının müzakirə olunduğu konfranslarda təqdimatlarla çıxış edən BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova valideynlərə praktik tövsiyələr verərək bu sahələrdə maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.

Konfraslarda iştirakçılarla müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.