BAYRAQDAR MEDİA – 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb. K.Vəliyev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının zəruriliyini bildirib”.
Sonra xəbərdə, “L.Ergün Bakıda iki gündür davam edən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında icra olunan fəaliyyətlərin yeni imkanların formalaşmasında müsbət təsirindən danışıb, hərbi əlaqələrimizin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb” deyə qeyd edilir.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının cari vəziyyəti təhlil edilib, maraq doğuran məsələlər və perspektiv planlara dair geniş müzakirələr aparılıb.





