BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə “Akademik Yusif Məmmədəliyev auditoriyası” açılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “otağın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Y.Məmmədəliyev Azərbaycan elminin qızıl fondunun möhtəşəm sütunlarından biridir. Görkəmli alim öz həyatı, fəaliyyəti ilə adını Azərbaycanın və BDU-nun elm və təhsil tarixinə yazıb. Ömrünü elmə həsr etmiş bu dahi alim və böyük müəllimin 120 illik yubileyi münasibətilə xüsusi auditoriyanın açılması BDU üçün xüsusi bir qürur və Y.Məmmədəliyevin irsinə olan ehtiramdır. Rektor bu auditoriyanın BDU-da kimya elmi və tədrisinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib”.
Sonra xəbərdə deyilir ki, “Fizika İnstitutunun baş direktoru Arif Həşimov Y.Məmmədəliyevin qiymətli irsinin Azərbaycanın elm tarixinin ən önəmli səhifəsi olduğunu bildirib, BDU-da onun adını daşıyacaq xüsusi auditoriyanın açılışının Azərbaycan elmi və təhsilinin inkişafına töhfə kimi qiymətləndirib. Türkiyənin Qars Qafkaz Universitetinin rektoru Hüsnü Kapu isə qeyd edib ki, Y.Məmmədəliyev təkcə Azərbaycanın deyil, türk dünyasının, bütünlükdə dünya elminin inkişafında misilsiz xidmətlər göstərib. O bildirib ki, görkəmli alimin açdığı yol türk dünyasının hər bir alimi üçün məşəldir. Bu yolda onun xatirəsinə layiq olacaq şəkildə çalışmaqla türk dünyasını ən uca zirvəyə yüksəltmək hər bir elm insanının mənəvi borcudur”.
Qeyd edək ki, “Akademik Yusif Məmmədəliyev auditoriyası”ndə görkəmli alimin büstü, qiymətli irsini əks etdirən şəkillər, əlyazmalar, kimya, xüsusilə də neft kimyasına aid kitablar, elmi tədqiqat istiqamətlərini göstərən xüsisi sxemlər yer alır.





