Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Bir insan üçün bu dünyadakı ən böyük varlıq öz canından və qanından olan övladıdır. Lakin əsrlərdir haqq üçün dünyaya nizam vermək uğrunda savaşan türk milləti ən qiymətli varlığı olan övladı şəhid olduqda, dilindən yalnız üç kəlmə çıxarır: Vətən sağ olsun.
Bəli… Məhz o anda Vətən o insan üçün övladdan da, yardan da, bu dünyadakı hər şeydən daha üstün olur. Türk milləti əsrlərdir öz varlığı naminə malını-mülkünü, canından da qiymətli olan ən dəyərli varlıqlarını şəhid verir. Bir övlad yetmir; digər övladlarını, bəzən hamısını gözünü qırpmadan Vətən üçün fəda edir. Axırda öz canı istənir, onu da verir.
Bəs “uğruna hər şeyimizi fəda etdiyimiz Vətən nədir” deyə soruşsaq, yəqin ki, insanların əksəriyyəti torpaq və ya yurd deyə cavab verər. Bu cavab doğru olsa da natamamdır. Vətəni yalnız torpaq və ya yurd kimi görə bilmərik.
Ziya Gökalpın məşhur əsəri “Türkçülüyün əsasları” kitabında “Vətən” anlayışını izah etdiyi hissəyə diqqət yetirək. Bu mövzuda indiyə qədər gördüyüm bəlkə də ən yaxşı izahdır. Bu açıqlama, düşüncələrdə və vicdanlarda boşluq qoymayacaq qədər qənaətbəxşdir. Sözü çox uzatmadan Ziya Gökalpın Vətən anlayışını olduğu kimi təqdim edirəm:
“Vətən üzərində yaşadığımız torpaq demək deyildir. Vətən milli mədəniyyət dediyimiz şeydir ki, üzərində yaşadığımız torpaq onun yalnız zahiri görünüşündən ibarətdir. Və onun zahiri görünüşü olduğu üçün də müqəddəsdir. O halda vətən milli ideallardan, milli vəzifələrdən ibarət olan bir əxlaq deməkdir. Deməli, milli həmrəyliyi gücləndirmək üçün hər şeydən əvvəl Vətəni əxlaqı yüksəltmək lazımdır. Bəs Vətəni əxlaqı yüksəltmək üçün nə etməliyik?
Vətən milli mədəniyyətdir demişdik. Deməli, vətən dini, əxlaqi, estetik gözəlliklərin bir muzeyi, bir sərgisidir. Vətənimizi ürəkdən gələn bir sevgi ilə sevməyimiz bu səmimi gözəlliklərin cəmi olduğu üçündür. O halda milli mədəniyyətimizi bütün gözəllikləri ilə nə zaman ortaya çıxarsaq, Vətənimizi də ən çox o zaman sevəcəyik və bu qədər şiddətlə sevəcəyimiz o sevimli Vətən uğrunda indiyə qədər etdiyimiz kimi yalnız təhlükə zamanlarında deyil, sülh və sakitlik anlarında da bütün şəxsi və ictimai ehtiraslarımızı fəda edə biləcəyik. Görünür ki, milli həmrəyliyi möhkəmləndirmək üçün ilk növbədə milli mədəniyyətimizi yüksəltmək məsuliyyətini daşıyan ziyalılarımızın bu işi tez bir zamanda bacarmaları lazımdır”.
Göründüyü kimi, Ziya Gökalp milli mədəniyyəti təşkil edən hər bir ünsürün Vətənin bir parçası olduğunu bildirir. Bu, bəzən üzərində yaşadığımız torpaq, bəzən başımızın üzərində dalğalanan bayraq, bəzən eşitdiyimiz azan, bəzən dinlədiyimiz bir muğam, hətta bəzən də içdiyimiz bu torpaqda yetişən bir stəkan çaydır. Yəni bizi biz edən hər şey, əslində Vətəndir. Yazını Bəxtiyar Vahabzadə misraları ilə bitirmək istəyirəm:
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.
Sən bu gül bayrağm altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, Türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapınar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz..
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?





