BAYRAQDAR MEDİA – Erzurum Atatürk Universitetinin Kommunikasiya Fakültəsi tərəfindən “Parasosial: Yeni Media Dövründə Süni İntellektlə Münasibətlər və Patoloji Ünsiyyət” mövzusunda panel təşkil olunub.
Univeristetin məlumatına əsasən, fakültənin Çoxməqsədli Konfrans Zalında keçirilən panelin moderatoru Kommunikasiya Fakültəsinin dekanı, Prof.Dr. Raci Taşçıoğlu olub. Tədbirdə kommunikasiya və süni intellekt sahəsində fəaliyyət göstərən ixtisaslaşmış akademiklər öz təcrübələrini bölüşüblər.
Panel zamanı süni intellekt əsaslı tətbiqlərin istifadəçilərlə qurduğu qarşılıqlı əlaqə formaları, rəqəmsal mühitlərin psixoloji təsirləri və yeni media platformalarının ünsiyyət təcrübələrində yaratdığı transformasiyalar ətraflı şəkildə müzakirə edilib.
Xüsusilə gənc istifadəçilər arasında süni intellektlə qurulan parasosial münasibətlərin artdığına diqqət çəkilərək, bu cür əlaqələrin sağlam və etik çərçivədə idarə olunmasının vacibliyi vurğulanıb.
Çıxış edənlər həmçinin süni intellekt əsaslı çatbotların, fərdi rəqəmsal köməkçilərin və sosial media alqoritmlərinin insanlar üzərindəki təsirlərinin geniş miqyasda araşdırılmasının zəruriliyini qeyd ediblər.
Tədbir sual-cavab bölümü ilə başa çatıb.





