BAYRAQDAR MEDİA 2-ci Qarabağ savaşının qəhrəman döyüşçüsü, Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, gənc qəzəlxan Kənan RAHİnin yazısını təqdim edir:
Tarix səhifələrini vərəqlədikcə Azərbaycanın necə əziyyətli və keşməkeşli yollardan keçdiyini görərik. Başı bəlalı vətənimiz daim ağır sınaqlarla üz-üzə qalıb. Bu sınaqlardan ən çətini isə elə müharibələrin özü olub. Müharibələr zamanı parçalanmışıq, əziyyətlər görmüşük və hansısa imperiyaların bir hissəsinə çevrilmişik…
Bu hallar iyirminci əsrin əvvəllərinə kimi davam edib. Və bu əsrin başlanğıc illərində artıq yeni bir düşmənimiz peyda olub. Haradan törəndikləri bilinməyən bir dəstə, özlərinə “böyük Ermənistan” qurmaq xəyalı ilə əsrlərdir üzərində gəzmədiyi, havasını udmadığı torpaqlara haqq iddia etməyə başlayıb…
…Hələ iyirminci əsrin əvvəllərində ermənilərlə azərbaycanlılar arasında savaşlar yaşandı; buna misal olaraq 1905-1906-cı illər erməni-müsəlman qırğınlarını göstərmək olar. Çox keçmədi ki, onlar daha da irəli gedərək xalqımıza qarşı soyqırım siyasəti güdməyə başladılar. Bu soyqırım siyasətinə isə dəlil kimi 1918-ci il 31 mart soyqırımını göstərə bilərik.
Bu hadisələrdən təxminən iki il sonra bütün Qafqaz sovet hakimiyyətinin əsarətinə keçdi. Yetmiş ilə yaxın bir müddət ərzində on beş respublika, ümumiyyətlə yüzdən çox xalq bir bayraq altında yaşadıldı. Lakin nə biz bizə olunanları unutduq, nə də ermənilər bizə qarşı öz düşmənçiliklərini…
1988-ci ildən başlayaraq yenidən bizə qarşı öz mənfur siyasətlərini yeritməyə girişdilər. Öncə Ermənistanda yaşayan soydaşlarımız öz dədə-baba yurdlarından zorla çıxarıldı. Bu hadisələrdən az keçməmiş ermənilər Qarabağa da haqq iddia etməyə başladılar.
Bundan sonra Qarabağda dinc əhaliyə qarşı sərt addımlar atıldı. Mülki əhaliyə zor tətbiq edildi və onlar işgəncələrə məruz qaldı. Ovaxtkı Azərbaycan hökumətinin hakimiyyət uğrunda mübarizəsi və rəhbər qüvvələrin səriştəsizliyi ucbatından ermənilər və onların havadarları Qarabağda öz məkrli planlarını həyata keçirmək üçün əlverişli şərait qazandı. Vahid komandanlığın və nizami ordunun olmaması, üstəlik silah-sursat sarıdan qıtlığın olması düşmənlərimiz üçün ayrıca üstünlük idi…
Bunlara baxmayaraq, Azərbaycanın igid övladları ölkənin hər yerindən cəbhəyə, vətənin dar günündə ona dayaq durmaq və onu qorumaq üçün gəlirdilər. Amma nə qədər döyüşkən, mərd oğullarımız olsa da güclü hakimiyyətin olmaması, rəhbər qüvvələrin etinasızlığı, həmçinin xainlərin xəyanəti nəticəsində Qarabağ düşmən tərəfindən işğal olundu…
İşğal olunan on iki rayondan biri, Qarabağın gözü sayılan Şuşanın işğalından və hansı əməliyyat nəticəsində işğal edildiyindən az da olsa danışaq…
“Dağlarda toy” əməliyyatı
Şuşanın işğalından saatlarla, yorulmadan danışıb müzakirələr etmək olar. Hələlik biz Şuşanın işğal planından söz açacağıq. Şuşanın işğalını gah satqınlıq, gah da o dövrdə nizami ordunun olmaması ilə əlaqələndirirlər. Düzdür, Şuşada hərbi qüvvə var idi, amma bu qüvvələr yetərli deyildi. Çünki həm say fərqi, həm də ən əsası silah-sursat və texnika fərqi var idi. Həmçinin digər iddialarda isə Şuşada olan hərbi qüvvələrin bəzilərinin məzuniyyətə buraxılması barədə də danışılır…
Əgər Şuşanın işğal olunmasını istəmirdilərsə, o zaman bu problemləri həll etməli idilər. Çünki Şuşa strateji cəhətdən bizim üçün güclü mövqe idi. Bütün bu halları nəzərdən keçirdikdə belə bir şey ortaya çıxır ki, Şuşanın işğalı “sapı özümüzdən olan baltaların” xain siyasəti nəticəsində mümkün olub. Məncə, bu variant daha ağlabatandır. Hətta bu yerdə yadıma bir söz də düşdü: “Şuşa getsə, başıma bir güllə çaxacağam”… Nə isə, çox uzatmadan Şuşanın işğal planına nəzər salaq.
Hansı əməliyyat nəticəsində Şuşa işğal olundu? Bu əməliyyat ermənilərin “Harsaniq Lernerum”, yəni “Dağlarda toy” adını verdikləri əməliyyat idi. Bəs niyə “Dağlarda toy”? Bu ad hansı mənanı daşıyırdı? Axı toy, bildiyimiz kimi, iki insanın evlənməsi, nikah bağlamasıdır. Aha, deməli bu addakı məna Qarabağın Ermənistanla birləşməsini, yəni “nikahını” simvolizə edirdi, ya da Xankəndi ilə Şuşanın birləşməsi – “nikahı”. Bu əməliyyatı belə də başa düşmək olar…
Başqa bir formada isə belə izah etmək olar: Şuşanın işğal planını qondarma qurumun “müdafiə” qüvvələrinin komandanı Arkadi Ter-Tadevosyan və müavini Samvel Babayan hazırlayıb Ermənistanın o zamankı müdafiə naziri Vazgen Sarkisyana təqdim edərkən, nazir bu planının yerinə yetirilməsinin mümkünsüz olduğunu bildirir. Və əgər Şuşa tutularsa, evlənəcəyini, həmin gün toy edəcəyini deyir.
Bundan sonra millətimizin qanına əli batmış bu üç erməni belə bir şərtlə mərc edirlər: Şuşa tutularsa, “dağlarda toy” çalınacaq. Lakin Şuşa işğal edilsə də Vazgen Sarkisyan öz sözünə əməl etmir. (Çünki o, baş nazir ikən 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində terror aktı nəticəsində öləndə hələ də subay idi.)
Və bundan sonra 1992-ci il may ayının 8-i başlayan əməliyyat ayın 9-u səhər saatlarına kimi davam etdi. Şuşa bir neçə istiqamətdən mühasirəyə alındı. Qarşıya qoyulan tapşırıqlar Azərbaycan mövqelərini susdurub qala divarlarına yaxınlaşmaq, Şuşa-Laçın yolunu atəş altında saxlamaq, Laçın-Qubadlı istiqamətindən Şuşaya köməyə gələ biləcək azərbaycanlıların hərəkətinə mane olmaq və bununla bərabər Zarıslı kəndini işğal edib oradan möhkəmlənərək Laçın-Şuşa əlaqəsini tamamilə kəsmək idi.
Çox təəssüf hissi ilə qeyd edirik ki, bu əməliyyat Şuşanın işğalı ilə nəticələnir. Şuşa və ətrafında gedən döyüşlər nəticəsində 1 min 860 azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu. 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyindən hələ də xəbər yoxdur.
Bəli, biz Şuşamızı – mədəniyyət ocağımızı, strateji cəhətdən böyük əhəmiyyət daşıyan şəhərimizi itirdik. Amma bir müddətlik. Şuşanın işğalı digər rayonların da işğal olunmasına rəvac verdi. Ardından çox keçmədən, elə həmin ayın 18-i Laçını da itirdik. Beləliklə, Ermənistanla Qarabağda yaşayan ermənilərin arasında bir maneə qalmadı…
Sonrakı illər ağrılı-acılı olsa da 1994-cü ildə Azərbaycan-Ermənistan arasında 12 May atəşkəs sazişi imzalanır. Hələlik bu, bizə zaman qazandırmaq üçün vacib idi. Ulu öndər Heydər Əliyev güclü siyasət apararaq Azərbaycanı ayağa qaldırır.
Ondan sonra bu siyasəti layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir və onun güclü siyasəti və iradəsi ilə nəhayət 2020-ci il sentyabrın 27-si əks-hücum əməliyyatları başlayır. Bu əməliyyatlar nəticəsində 2020-ci il noyabr ayının 8-i Şuşa işğaldan azad olunur. Bu müharibədən sonra Prezident İlham Əliyev Şuşaya səfərində hərbçilərlə görüş zamanı demişdi: “Ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşlar – “Dağlarda toy”. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar”.
Bəli, bu qələbəmiz düşmənlərimizin heç vaxt yaddaşından silinməyəcək. Qoy görsünlər və bilsinlər: toy elə yox, belə olur! Sözün əsl mənasında, Rəşadətli Ordumuz düşmənlərimiz üçün “Dağlarda toy”u “Dağlarda yasa” çevirdi.





