Universitet Cambridge Linguaskill imtahanlarının rəsmi test mərkəzi oldu
BAYRAQDAR MEDİA – Türkiyənin Pamukkale Universiteti (PAÜ) ilə YDS Academy arasında Cambridge Linguaskill imtahanlarının universitetdə rəsmi test mərkəzi kimi keçirilməsinə dair protokol imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, protokol Pamukkale Universitetinin rektoru, Prof.Dr. Mahmud Güngör və YDS Academy-ni təmsil edən Metin Önder tərəfindən imzalanıb.
Rektorluq binasında baş tutan imzalanma mərasimi ilə Pamukkale Universiteti beynəlxalq etibarlılığa malik və ÖSYM tərəfindən rəsmi olaraq tanınan Cambridge English Linguaskill imtahanının test mərkəzi statusunu qazanıb. Bu razılaşma tələbələrin beynəlxalq səviyyədə tanınan dil imtahanlarına etibarlı və akademik mühitdə çıxış imkanlarını genişləndirməyi hədəfləyir.
Pamukkale Universiteti Xarici Dillər Yüksək Məktəbinin direktoru, Prof.Dr. Ertan Kuşçu protokol çərçivəsində namizədlərin artıq PAÜ-də bu imtahanda iştirak edə biləcəklərini bildirib. O qeyd edib ki, namizədlər ingilis dili üzrə bilik və bacarıqlarını sürətli, etibarlı və keçərli şəkildə sənədləşdirə biləcəklər.
O, Cambridge English tərəfindən hazırlanmış, süni intellektlə dəstəklənən onlayn Linguaskill imtahanının dinləmə, oxu, yazı və danışıq bacarıqlarını ölçdüyünü, nəticələrin 48 saat ərzində təqdim edildiyini və CEFR – Avropa Ortak Dil Çərçivəsi meyarları ilə uyğun olduğunu bildirib. İmtahanın ÖSYM tərəfindən tanındığını vurğulayan Kuşçu qeyd edib ki, Linguaskill imtahanı Türkiyədə universitetlərdə hazırlıq sinfindən azadolma üçün istifadə edilə bilər. Bununla yanaşı, akademik və peşəkar hədəflər doğrultusunda dil biliklərini beynəlxalq səviyyədə təsdiqləmək istəyən namizədlərə geniş imkanlar yaradır.
Prof. Dr. Ertan Kuşçu əlavə edib ki, imtahanla bağlı ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün namizədlər www.linguaskillturkiye.com internet səhifəsinə müraciət edə bilərlər.





