Press "Enter" to skip to content

Qardaşlığımızın təcəssümü rəsm əsərlərində

Sərginin açılışı

Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinə həsr edilmiş rəsm əsərləri nümayiş olunub

BAYRAQDAR MEDİA – Dekabrın 18-də Azərbaycan Rəssamlar İttifaqında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Azərbaycandakı nümayəndəliyi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə sərgi açılıb. Beynəlxalq Qalereyanın direktorları Elnurə İsgəndərovanın moderatoru və Aygün Əzizovanın layihə rəhbəri olduğu “Qardaşlığımız əbədidir” adlı sərgidə müxtəlif yaş qruplarından olan gənc və peşəkar rəssamların Kuzey Kıbrıs, Türkiyə və Azərbaycanın mədəni, tarixi gözəllikləri və bu ölkələrin əbədi qardaşlığını əks etdirən 200-ə yaxın əsər sərgilənib.

Sərgiyə baxış
Sərgiyə baxış

Tədbirdə çıxış edən KKTC-nin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner iki qardaş ölkə arasındakı əlaqələr barədə məlumat verib. Diqqətə çatdırıb ki, Kuzey Kıbrısla Azərbaycan arasında çox güclü bir könül bağı mövcuddur: “Bu bağ kökləri qədim tarixə dayanan, dərin və sarsılmaz bir qardaşlıqdır. Biz bu qardaşlığı daha da möhkəmləndirmək, bu əlaqələri daha güclü etmək üçün kiçik, lakin mənalı bir addım atmaq istədik. Bu gün sərgidə nümayiş olunan əsərlər həqiqətən çox dəyərlidir. Həm peşəkar, həm də həvəskar azərbaycanlı rəssamlar ölkələrimizin təbiətini, mədəniyyətini və sivilizasiyasını əks etdirən əsərlərlə iştirak ediblər”.

Sərgidən bir an
Sərgidən bir an

Milli Məclisin deputatı, Azərbaycan – KKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev qeyd edib ki, digər mədəniyyət xadimləri kimi, rəssamlar da KKTC-yə xüsusi diqqət göstərir, zaman-zaman bu ölkəyə səfər edərək orada əsərlər yaradırlar: “Bu əsərlər Azərbaycan rəssamlarının Şimali Kipr haqqında təsəvvürlərinin bədii əksidir. Layihə ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə töhfə verməklə yanaşı, Kuzey Kıbrısın turizm potensialının tanıdılması baxımından da əhəmiyyət daşıyır. Növbəti mərhələdə sərginin Kuzey Kıbrısda keçirilməsi nəzərdə tutulur”.

Qadaşlıqdan bəhs edən əsərlər
Qadaşlıqdan bəhs edən əsərlər

YAP Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayeva vurğulayıb ki, qardaşlıq bağları mənəvi dəyərlərin yüksək səviyyədə təzahürüdür. Onun sözlərinə görə, bu cür sərgilər ölkələrarası əlaqələri möhkəmləndirir və Azərbaycan ilə KKTC arasında münasibətlərin inkişafına töhfə verir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər çıxışçılar da sərgi barədə fikirlərini bölüşüblər.

Sərgidən xatirə fotosu
Sərgidən xatirə fotosu

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərginin ən böyük özəlliyi isə gənc rəssamlar arasında autizm və daun sindromlu uşaqların yer alması olub. Bu uşaqlar arasında istedadların ortaya çıxarılaraq cəmiyyətə qazandırılması sərginin əhəmiyyətini artıran ən böyük dəyərdir və buna görə təşkilatçıların əməyi yüksək qiymətləndirilməlidir.

Mission News Theme by Compete Themes.