BAYRAQDAR MEDİA – “TƏBİB-in göstərdiyi elektron xidmətlərin “MyGov” portalına ötürülməsi – bu il ərzində vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına uğurlu inteqrasiya işləri həyata keçirilib”.
Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, rəqəmsal hökumət ekosisteminin inkişafı istiqamətində atılan bu addım nəticəsində “Ailə həkimi”, “Həkim müraciətləri”, “Laborator analizlərinin nəticələri”, “Sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayış”, “Sağlamlıq haqqında tibbi arayış”, “Tibbi göndərişlər üzrə məlumatlar”, “İnstrumental diaqnostik müayinə nəticələri” kimi məlumatlar sözügedən portala inteqrasiya edilib: “Görülən işlərin nəticəsi tibbi məlumatlara çıxışda şəffaflığı artırmasına, rəqəmsal idarəçiliyi təkmilləşdirilməsinə və ən əsas vətəndaşlara vaxt və resurs baxımından qənaət imkanının yaradılmasına gətirib çıxarıb”.
İcraçı direktor əlavə edib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzi üçün beynəlxalq dərəcəli HIMSS sertifikatı əldə edilib: “Beləliklə, tibb mərkəzi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib. Bu sertifikat HIMSS-nin önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrədir. Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur. Xatırladım ki, Azərbaycanda və regionda ilk dəfə HIMSS beynəlxalq akkreditasiya sertifikatını bundan öncə Yeni Klinika əldə edib. Nizami Tibb Mərkəzi isə sözügedən sertifikatı əldə edən ikinci tibb müəssisəsidir”.





