BAYRAQDAR MEDİA – 2025-ci ilin dekabrında Audiovizual Şuranın sədri İsmət Səttarov açıq şəkildə bildirdi ki, televiziya verilişləri mütəmadi monitorinq olunur və efirdə xarici sözlərdən istifadə edən telekanallar 500 manatdan min manatadək cərimələnəcək. Hesab edirəm ki, bu qərar gecikmiş də olsa doğru qərardır. Bu mövzuda mövqe də ikili ola bilməz. Unutmayaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə dili dövlətin dayaqlarından biri hesab etdiyini vurğulayıb.
Bir neçə gün öncə isə Əməkdar artist Tahir İmanov bu məsələ ilə bağlı ironik çıxış etdi. Düşündüm, Tahir İmanov nəyə qarşı idi? Dilin qorunmasına? Yoxsa sistemin seçiciliyinə?
Müzakirələr başladı. Bu, bəzi yersiz dil “polis”ləri üçün isə fürsət meydanı idi. Diqqətimi də məhz bu məqam çəkdi. Sözün mahiyyəti öldürüldü, forma müzakirə edildi. Texniki səhvlər bir anda yada düşdü. Halbuki həmin səhvlər illərdir efirdədir, heç kimi narahat etmir.
İllərdir efirlərdə səviyyəsizlik, zövqsüzlük və məzmunsuzluq da baş alıb gedir. Heç kim səsini qaldırmır. Heç kim etikadan, milli mənəvi dəyərlərdən danışmır. Amma bir ironiya birdən-birə “təhlükə” yaradır.
Bu, təsadüf deyil. Bu, psixologiyada qorxunun formasıdır.
Tahir İmanov qaydanı pozmadı. O, qaydanın necə işlədiyini göstərdi. Güzgü tutdu. Amma güzgüyə baxmaq cəsarət tələb edir. Ona görə də əksəriyyət ayrıntılara sığındı. Çünki ayrıntılarla məşğul olmaq həqiqətlə üzləşməkdən daha asandır.
…Bu adamların unutduğu bir həqiqət var. Gecikən qərarlar, görməzdən gəlinən problemlər və susdurulan fikirlər qapılarını döyəcək. Səssiz, amma ciddi.





