Press "Enter" to skip to content

7 yaşlı TƏBİB

Qurum ötən müddət ərzində daxili uğurlarla yanaşı, xarici əməkdaşlıq istiqamətində də mühüm addımlar atıb

BAYRAQDAR MEDİA – Dekabrın 20-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinin 7 ili tamam olur. Ötən 7 il ərzində TƏBİB müvafiq sahə üzrə səmərəli fəaliyyəti ilə yadda qalıb. Tibb sahəsinin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə artıq 7 ildir ki, fəaliyyət göstərən TƏBİB ötən müddətdə daxili uğurlarla yanaşı, xarici əməkdaşlıq istiqamətində də mühüm addımlar atıb.

Belə ki, TƏBİB 50 xarici dövlətlə səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurub və ya mövcud əməkdaşlığı davam etdirilib. Bu ölkələr sırasında Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Yaponiya, Türkiyə, Koreya Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İsveçrə, Norveç, Qazaxıstan, Özbəkistan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna və digər Avropa və Asiya ölkələri yer alır.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə qeyd etdiyi kimi bu geniş coğrafiya TƏBİB-in beynəlxalq səhiyyə platformasında artan rolunu və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.

Onu da qeyd edək ki, 2025-ci ildə TƏBİB ümumilikdə 25 beynəlxalq təşkilatla əməkdaşlıq edib. Bu təşkilatlar sırasında səhiyyə və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkət və qurumlar yer alır. Bu əməkdaşlıqlar tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insan resurslarının inkişafına və səhiyyə infrastrukturunun gücləndirilməsinə yönəlib.

V.Qurbanovun qeyd etdiyi kimi, “2025-ci il ərzində TƏBİB tərəfindən 7 Anlaşma Memorandumu imzalanıb: “Eyni zamanda beynəlxalq arenada əldə olunan uğurlar barədə də məlumat vermək istəyirəm. Belə ki, TƏBİB və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin nümayəndə heyəti Bolqarıstanda keçirilmiş NATO-nun “20-ci Mülki Fövqəladə Hallara Cavab” təlimində iştirak edib, Qazaxıstanda təşkil olunmuş “Təcili Tibbi Yardım Briqadaları arasında Beynəlxalq Çempionatda” isə Azərbaycan komandası 3-cü yerə layiq görülüb. “Sana Hospital Group”un 5 fəaliyyət istiqaməti üzrə peşəkar mütəxəssis komandaları Yeni Klinikada xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001:2015 beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə təlimlər həyata keçirib. Nəticə olaraq qeyd etmək istərdim ki, 2025-ci il TƏBİB üçün beynəlxalq əlaqələrin həm coğrafiya, həm də məzmun baxımından genişləndiyi, ölkə səhiyyəsinin beynəlxalq nüfuzunun artdığı bir il olub. Bu istiqamətdə fəaliyyətimiz növbəti ildə də ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcəkdir”.

Mission News Theme by Compete Themes.