BAYRAQDAR MEDİA – Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Hədəf Şirkətlər Qrupundan məlumat verilib.

Məlumata görə, dövlət himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Forumun açılışında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, forumun layihə rəhbəri Şəmil Sadiq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Milli Məclisin deputatı Mehriban Vəliyeva bildiriblər ki, davamlı səciyyə daşıyaraq diqqətləri özünə cəlb edən təhsil menecerləri forumları ölkəmizin elm-təhsil həyatında əlamətdar hadisədir. Vurğulanıb ki, təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər və innovativ yanaşmalar barədə çıxışlarını təqdim etdiyi mühüm platformadır. Davamlı islahatlara ehtiyac duyan təhsil sektorunun problem və perspektivlərinin belə forumlarda müzakirə edilməsi inkişaf üzrə yol xəritələrinin dəqiq konturlarının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır”.

Qeyd olunub ki, Azərbaycanda elan olunan “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən Üçüncü Təhsil Menecerləri Forumuna ümumilikdə 14 xarici və yerli spiker, yüzlərlə iştirakçı qatılıb: “Forumun məqsədi yeni təhsil idarəçiliyinin çağırışlarına cavab tapmaq, məktəb və ali təhsil müəssisələrinin innovativ idarəetmə təcrübələrini müzakirə etmək və təhsil sahəsində dayanıqlı inkişaf üçün yollar axtarmaqdır. Bu gün təhsil menecmenti yalnız inzibati idarəetmə funksiyası daşımır, o həm də insan kapitalının formalaşdırılmasını, keyfiyyətli təhsil ekosisteminin qurulmasını və üzunmüddətli milli inkişaf strategiyasının reallaşdırılmasını təmin edən və insan kapitalı formalaşdıran strateji liderlik sahəsinə çevrilib. Bu baxımdan Təhsil Menecerləri Forumu kimi platformalar müasir çağırışlara kollektiv cavab vermək baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Forumda layihənin ideya müəllifi və rəhbəri Şəmil Sadiq vurğulayıb ki, Azərbaycanda təhsillə bağlı aparılan islahatlar, təhsildə müasir dəyərlər baxımından həyata keçirilən yeni baxış, istər dövlət, istərsə də özəl sektorda çalışan təhsil işçilərinin də bu proseslə ayaqlaşmasını tələb edir: “Düzgün təhsil sisteminin qurulması və idarə edilməsi, əlbəttə ki, peşəkar təhsil menecerlərindən başlanır. Pedaqoji, elmi-metodoloji baxımdan lazımi işlər aparılır, layihələr həyata keçirilir, amma etiraf etməliyik ki, təhsil menecmentliyi ilə bağlı istər elmi-nəzəri, istərsə də praktiki işlər qənaətbəxş deyil. Yaxşı təhsil meneceri yaxşı məktəb deməkdir. Bəzən yaxşı müəllim yaxşı menecer ola bilmir. Çünki xüsusilə, yeni nəsil idarəetmənin tələbləri fərqlidir. Bu sahədə inkişafa dəstək olmaq istəyi belə bir forumun keçirilməsini zəruri edir. Bu günkü forumda hədəfimiz tanınmış təhsil idarəçilərinin, məktəb quruculuğunda birbaşa iştirak edən təhsil menecerlərinin təcrübələrini, nəzəriyyələrini, konseptlərini birbaşa özlərindən dinləmək imkanı yaratmaqdır”.

Məlumatda deyilir ki, “Gələcəyin təhsil modelini birlikdə formalaşdıraq” devizi ilə keçirilən forumda spikerlər -Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov “Alfa nəslinin təlim-tərbiyəsində yeni yanaşmalar”, Azərbaycan Respublkası Təhsil İnstitunun direktoru səlahiyyətlərinin icraçısı Elnur Əliyev “Qiymətləndirmə nəticələrinin real tədris dəyişikliklərinə təsiri və məktəb rəhbərlərinin rolu, “TheClub MMC”-nin (PASHA Group ) İnsan Resursları şöbəsinin rəhbəri Arzu Musayeva “Texnologiyanın HR sahəsində tətbiqi və təhsil menecerlərinə təsiri”, Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov “Müasir məktəb idarəçiliyi: təhsildə innovativ yanaşmalar və texnologiyanın inteqrasiyası” kimi aktual mövzularda çıxış ediblər.
Çıxışlardan sonra Eduventos onlayn təhsil platformasının təqdimatı olub.

Forum çərçivəsidə “Effektiv təhsil idarəçiliyi: müasir məktəb rəhbərliyinin çağırışları və imkanları”, “Təhsildə maliyyə dayanıqlılığı və büdcənin effektiv idarə olunması”, “Təhsildə süni intellekt: imkanlar və gələcək perspektivlər” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyyələr verilib.
Təhsil Menecerləri Forumunun əsas təşkilatçısı olan Hədəf Şirkətlər Qrupuna təşəkkür elan edilib.
Qeyd edək ki, forum çərçivəsində Təhsil Texnologiyaları Sərgisi də təşkil edilib.
Layihənin icraçısı, tarix üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev Forumda bağlanış nitqi ilə çıxış edib, spikerlərə və iştirakçılara sponsorlar tərəfindən hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
Dördüncü Təhsil Menecerləri Forumu 2026-cı ildə keçiriləcək.





