BAYRAQDAR MEDİA – Azərbaycanlı fəallar Əmin Tağızadə, Səməd Heydəri və Rza Səlimi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hökmü ilə ümumilikdə 12 il 9 ay müddətinə təzyiri həbs cəzasına məhkum ediliblər.
Xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyinin mətbuat xidməti yayımlayıb.
Xəbərdə deyilir ki, “bildirişə əsasən, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hakimi Rza Əbdi hər üç fəalı “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşma və sövdələşmə” ittihamı ilə 3 il 7 ay, “rejim əleyhinə təbliğat” ittihamı ilə isə 8 ay təzyiri həbs cəzasına məhkum edib. Beləliklə, adıçəkilən üç azərbaycanlı fəal ümumilikdə 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilib”.
Bildirilib ki, “bu fəallar Təbrizdə iş yerlərində və evlərində Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən döyülərək saxlanılıblar. Beş günlük dindirmədən sonra Təbriz həbsxanasına köçürülən fəallar yenidən Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıblar. Təbriz həbsxanasına qaytarıldıqdan sonra hər biri 1 milyard tümən məbləğində girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıblar”.





