BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və 1 saylı ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yarmarkada Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının 9 müxtəlif yaradıcılıq istiqaməti üzrə 850-dən artıq əl işi nümayiş olunub. Rəssamlıq və vitraj boya işləri, suvenir və oyuncaqlar, toxunma əl işləri, bədii tikmə, dərzilik məmulatları, bəzək əşyaları və dekorativ aksesuarlar, dulusçuluq nümunələri, eləcə də bədii oyma sənəti üzrə hazırlanan məhsullar maraqla qarşılanıb”.
Tədbirin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq bacarıqlarını geniş ictimaiyyətə tanıtmaq, onların əl işlərinin satışına şərait yaratmaq, cəmiyyətə inteqrasiyasını, eləcə də iqtisadi müstəqillik və özünəinamlarını gücləndirmək olub.





