BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsi (İTC) və Birləşmiş İraq Türkmənləri Cəbhəsi (BİTC) siyahısının sədri Mehmet Seman Ağa Kərkükdə millət vəkili Gülsel Məhəmmədin ofisinin rəsmi açılış mərasimində iştirak edib. Açılış mərasimi Federal Məhkəmənin seçki nəticələrini təsdiqləməsindən sonra reallaşıb.
Bu barədə Türkmeneli TV məlumat verib.
Məlumata görə, mərasimdə çıxış edən M.S.Ağa yeni hökumətin formalaşdırılması prosesində türkmənlərin effektiv şəkildə təmsil olunması üçün intensiv siyasi təmaslar apardıqlarını bildirib: “Türkmən millət vəkillərinə parlament fəaliyyətlərində uğurlar arzulayan Ağa, millət vəkili Gülsel Məhəmmədin ofisinin Kərkükdə yaşayan bütün türkmənlər üçün açıq bir ictimai əlaqə mərkəzi olacağını vurğulayıb. Ağa, həmçinin türkmən siyasi cəbhələrinin birləşməsinin və səs gücünün vahid mövqedə toplanmasının vacibliyinə diqqət çəkib. Türkmən xalqının problemlərinin həlli yolunda ortaq iradənin zəruri olduğunu qeyd edib”.
Məlumata görə, millət vəkili Gülsel Məhəmməd isə açıqlamasında bildirib ki, ofis çərçivəsində xüsusilə Kərkük əhalisinin, o cümlədən türkmən icmasının müraciətlərini izləmək və həll etmək məqsədilə xüsusi komanda yaradılıb.
Açılış mərasimində Kərkük Vilayət Məclisinin üzvü Sevsen Cəddu, İraq Türkmən Cəbhəsinin rəsmiləri və vətəndaşlar iştirak ediblər.





