BAYRAQDAR MEDİA – Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan Şöbəsinin 5-ci Ümumi Yığıncağı Bakı Konqres Mərkəzində geniş iştirakla reallaşıb.
MÜSİAD-dan verilən məlumata görə, Ümumi Yığıncağın birinci hissəsində təşkilatı məsələlərə baxılıb. Səlahiyyəti müddəti başa çatan Rəşad Cabirlini sədr postunda Fuat Kayhan əvəz edib.
Məlumatda deyilir ki, tədbir açılış nitqləri, hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra MÜSİAD Azərbaycanın fəaliyyətlərini əks etdirən tanıtım videosu iştirakçılara təqdim olunub.

Ümumi Yğıncağın rəsmi protokol çıxışları bölümündə ardıcıllıqla “MÜSİAD Azərbaycan”ın əvvəlki dövr İdarə Heyətinin sədri Rəşad Cabirli, yeni dövrün sədri Fuat Kayhan və MÜSİAD-ın başqanı Burhan Özdemir çıxış ediblər. Proqram çərçivəsində, həmçinin Türkiyənin Azərbaycandakı səfiri professor doktor Birol Akgün, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Beşirli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ticarət naziri Prof.Dr. Ömer Bolat və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxış ediblər.
Rəşad Cabirli: Hər addımda birlik ruhunu, hər qərarda dəyərləri əsas tutduq
“MÜSİAD Azərbaycan”ın əvvəlki dövr İdarə Heyətinin sədri Rəşad Cabirli çıxışında ötən 4 il ərzində birlik şəraitində fəaliyyət göstərdiklərini deyib: “Bu yol etimadla başladı, məsuliyyətlə davam etdi. Hər addımda birlik ruhunu, hər qərarda dəyərləri əsas tutduq. MÜSİADda vəzifə almaq bayraq yarışına bənzəyir. 2021-ci ildə sabiq qurucu başkanımız Abdurrahman Uzun başkandan əmanət aldığımız bayrağı bu gün, böyük inamla yeni başkanımız Fuat Kayhan bəyə təhvil verdim. Həyata qənaət etmək olmur, həyat ya sərf edilir, ya da israf. Bu bayrağı dörd il daşımaq mənim üçün böyük qürur və şərəf oldu. İnanmasaq, inandıra bilməzdik. Bu yolda birgə addımladığımız bütün üzvlərimizə, İdarə Heyətimizə və komissiya üzvlərimizə dərin minnətdarlığımı bildirirəm”.

Çıxışına davam edən R.Cabirli ötən müddət ərzində MÜSİAD Azərbaycanda dəstək olan təşkilatlara və şəxslərə də ayrı-ayrılıqda təşəkkürünü, yeni seçilən sədr Fuat Kayhanı və İdarə Heyətini isə təbrik edib.
Burhan Özdemir: “MÜSİAD Azərbaycan” türk dünyası əməkdaşlığının sahədəki güclü və institusional nümunələrindən biridir
Ümumi yığıncaqda çıxış edən MÜSİAD-ın başqanı Burhan Özdemir Azərbaycanın türk dünyası daxilində strateji mövqeyinə diqqət çəkərək, “MÜSİAD Azərbaycan”ın iki ölkə arasındakı iqtisadi əlaqələrlə yanaşı, türk dünyası əməkdaşlığının sahədəki güclü və institusional nümunələrindən biri olduğunu vurğulayıb. Qlobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklərə toxunan B.Özdemir, bu dövrdə iş dünyasının daha dayanıqlı və inklüziv iqtisadi yanaşma ilə hərəkət etməsinin vacibliyini qeyd edib.

B.Özdemir çıxışında gələn il Qarabağda KOBİA və MÜSİAD-ın birgə əməkdaşlığı ilə Türk Dünyası İnvestisiya və Biznes Forumunun keçiriləcəyini açıqlayaraq, türk dünyası ölkələrinin hamısından iştirakçılarla ortaq strateji baxışı daha da dərinləşdirməyi hədəflədiklərini bildirib.
Fuat Kayhan: Növbəti iki il ərzində 12 iri layihənin reallaşdırılmasını hədəfləyirik
“MÜSİAD Azərbaycan”ın yeni sədri Fuat Kayhan çıxışında “Növbəti iki il ərzində 12 iri layihənin reallaşdırılmasını hədəfləyirik” deyib. O, qeyd edib ki, sözügedən layihələrin koordinasiyası məqsədilə xüsusi Sənaye və İnvestisiya Komissiyası yaradılacaq və bu fəaliyyətlərə KOBİA, Azərbaycan İqtisadiyyat Nazirliyi, Türkiyə İqtisadiyyat Nazirliyi və MÜSİAD-ın Baş Qərargahı birgə dəstək göstərəcək.

İki aydan bir istifadəyə verilməsi planlaşdırılan istehsal müəssisələri vasitəsilə Azərbaycanda qlobal rəqabət qabiliyyətinə malik güclü sənaye infrastrukturu formalaşdırmağı qarşıya məqsəd qoyduqlarını bildirən F.Kayhan, ilk strateji addımın kran (musluk) istehsalı sahəsində atılacağını deyib: “2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda kran istehsalı həyata keçirəcək müasir sənaye müəssisəsinin yaradılması üçün işlərə başlayırıq”.
Orxan Məmmədov: Son illərdə qurulan əməkdaşlıq konkret və ölçülə bilən nəticələr verir
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında MÜSİADın şirkətləri qlobal dəyər zəncirlərinə inteqrasiya etmək missiyasını xüsusi vurğulayaraq, son illərdə qurulan əməkdaşlığın konkret və ölçülə bilən nəticələr verdiyini bildirib.

O, bu uğurlu tərəfdaşlığın ən mühüm göstəricilərindən biri kimi 2024–2025-ci illərdə Azərbaycan və Türkiyənin birgə təşkil etdiyi Halal Biznes Forumunu qeyd edib. Orxan Məmmədov, MÜSİAD ilə inkişaf etdirilən əməkdaşlığın Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın iqtisadi sahədə daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini deyib.
Prof.Dr. Ömer Bolat: Gələcək dövrdə “MÜSİAD Azərbaycan”ın sənaye, enerji və ixrac yönümlü layihələrdə öncü rol oynayacağına inanırıq
Türkiyənin ticarət naziri Prof.Dr. Ömer Bolat isə çıxışında iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Azərbaycan–Türkiyə münasibətləri yalnız siyasi müstəvi ilə məhdudlaşmır, iqtisadi və hərbi sahələrdə də güclü və strateji ittifaqa əsaslanır.

İki ölkə arasındakı qardaşlıq bağlarına diqqət çəkən Ö.Bolat, bu strateji əməkdaşlığın institusional əsasının İqtisadi Əməkdaşlıq Komissiyası olduğunu bildirib və komissiyanın ticarət əlaqələrinin davamlı inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.
Gələcək dövrdə “MÜSİAD Azərbaycan”ın sənaye, enerji və ixrac yönümlü layihələrdə öncü rol oynayacağına inamını ifadə edən Ö.Bolat, bu təşəbbüslərin iki qardaş ölkə arasında iqtisadi inteqrasiyanı daha da gücləndirəcəyini vurğulayıb.
Cevdet Yılmaz: “MÜSİAD Azərbaycan” iki ölkə arasındakı iqtisadi əlaqələrin institusional səviyyədə dərinləşməsinə mühüm töhfə verir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxışnda bəyan edib ki, Azərbaycan sabit şəkildə böyüyən, inkişaf edən və zənginləşən ölkədir.
Cevdet Yılmaz son illərdə xüsusilə neft-kimya sektorundan kənar sahələrə yönəldilən investisiyalar hesabına yeni iqtisadi istiqamətlərin formalaşdığını bildirərək, bu imkanların düzgün dəyərləndirilməsinin və “qazan-qazan” prinsipi əsasında əməkdaşlıqların inkişaf etdirilməsinin həm Türkiyə, həm də Azərbaycan üçün mühüm fürsətlər yaratdığını qeyd edib.

Vitse-prezident 2024-cü il etibarilə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli ticarət dövriyyəsinin təxminən 8 milyard dollara çatdığını, bunun 3,1 milyard dollarının Türkiyənin Azərbaycana ixracının, 4,8 milyard dollarının isə Azərbaycandan idxalın payına düşdüyünü bildirib.

MÜSİAD Azərbaycanın təxminən 100 üzvü ilə tikinti, enerji, logistika və tekstil başda olmaqla geniş sektor spektrində fəaliyyət göstərdiyini bildirən C.Yılmaz, bu strukturun iki ölkə arasındakı iqtisadi əlaqələrin institusional səviyyədə dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edib.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.









