2025-ci il AQC üçün təkcə fəaliyyət ili deyil, eyni zamanda qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından əlamətdar mərhələ olub
BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Azərbaycanın ilk assosiativ təşkilatlarından biridir və təvazökarlıqdan uzaq olsa da, bu səpkili təsisatlar arasında öncül yerlərdən birini tutur.
Bunu AQC sədri Vüqar Oruc dekabrın 22-də keçirilən tədbirdəki çıxışında deyib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 2025-ci ilə yekun vurub
Məlumat üçün bildirək ki, AQC-nin təşkilatçılığı ilə 2025-ci il üzrə Yekun Hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi açılışında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb. Qeyd olunub ki, 2025-ci il AQC üçün təkcə fəaliyyət ili deyil, eyni zamanda qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından əlamətdar mərhələ olub.
Vüqar Oruc: AQC Azərbaycanın ilk assosiativ təşkilatlarından biridir
Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, AQC assosiativ peşə birliyidir və fəaliyyətini “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunla tənzimləyir: “Assosiativ peşə birliklərinin inkişafı cənab Prezident İlham Əliyevin siyasi iradəsini ifadə edir və İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyilə demək olar ki, bütün sahələrdə ticari birliklərin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bəli, AQC Azərbaycanın ilk assosiativ təşkilatlarından biridir və təvazökarlıqdan uzaq olsa da, bu səpkili təsisatlar arasında öncül yerlərdən birini tutur”.

V.Oruc çıxışında onu da qeyd edib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. O, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığının genişləndirildiyini, bu istiqamətdə ardıcıl və sistemli işlərin görüldüyünü diqqətə çatdırıb.
Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının ərsəyə gəlməsində də əsas təşəbbüskarlardan biri AQC olub
Vurğulanıb ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbulu və Qiymətləndiricilər Palatasının təsis olunmasında, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) ərsəyə gəlməsində də əsas təşəbbüskarlardan biri AQC olub.

Qeyd edilib ki, Azərbaycan digər sahələrdə olduğu kimi qiymətləndiricilərlə bağlı məsələdə də türk dünyasının birliyi üçün davamlı addımlar atır. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) məhz Azərbaycanın təklifi və öncüllüyü ilə yaranması da buna daha bir nümunədir. Bu cür forumlar Türk Dövlətləri Qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin inkişafı, sektorda əməkdaşlığın gücləndirilməsi və vahid peşəkar standartların tətbiqi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu formatlar türk dövlətləri arasında iqtisadi inteqrasiyanı sürətləndirir.
Fazil Mustafa: AQC-nin aktiv fəaliyyəti qiymətləndirmə sektorunun inkişafında müstəsna əhəmiyyətə malikdir
Tədbirdə ilk təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AQC tərəfindən təqdim edilən hesabata münasibət bildirib. O, “AQC-nin aktiv fəaliyyəti qiymətləndirmə sektorunun inkişafında müstəsna əhəmiyyətə malikdir” deyib.

Komitə sədri qurumun beynəlxalq əlaqələr, ictimai və peşəkar sektorlar üzrə hərtərəfli proqram xarakterli fəaliyyətinin Azərbaycan dövlətinin yeritdiyi siyasətin davamı kimi yüksək qiymətləndirib.
Vüqar Bayramov: AQC-nin fəaliyyəti təqdirəlayiqdir
Daha sonra çıxış edən millət vəkili Vüqar Bayramov AQC-nin fəaliyyətini müsbət dəyərləndirib.

O, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qanunvericilik təşəbbüslərinə verdiyi töhfələr, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində apardığı müzakirələr xüsusilə vurğulayıb. Bildirib ki, yeni qanunun qəbulunda, Dövlət İmtahan Mərkəzi tərəfindən sahə ilə bağlı keçirilən ixtisas imtahanlarının sual bankının təşkilində, qiymətləndirmə sektorunun inkişafında AQC-də mühüm rol oynayır.
AQC Azərbaycanın ictimai sektorunun önəmli iştirakçılarından biridir
Tədbirdə həmçinin millət vəkilləri Razi Nurullayev, Ceyhun Məmmədov və Səbinə Salmanova çıxış ediblər. Natiqlər çıxışlarında qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatında əhəmiyyətindən danışıblar.

Deputatlar bildiriblər ki, daşınmaz əmlak, bank sektoru, investisiya mühiti və sahibkarlığın inkişafı baxımından peşəkar qiymətləndirmə mexanizmləri mühüm rol oynayır. Qeyd edilib ki, bu sahədə fəaliyyət göstərən institutların gücləndirilməsi iqtisadi sabitliyə və şəffaflığa birbaşa təsir göstərir.

Deputatlar AQC-nin və qurum rəhbərliyinin qeyd olunan istiqamətdə fəalləğını təqdir etdiklərini, Azərbaycanın ictimai sektorunun və ekosistemin önəmli iştirakçılarından biri olduğunu bildiriblər.
2025-ci il üzrə videoçarx formatında yekun hesabat təqdim olunub.

Tədbirdə UNEC(Azərbaycan Dövlət İqtisad Üniversiteti) tərəfindən AQC sədri Vüqar Oruca serifikat təqdim olunub. Serifikatı təbrik çıxışdan sonra fəlsəfə üzrə fəlsəfə doktoru, UNEC Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə təqdim edib.
Media təmsilçilərinə təşəkkür
Tədbir çərçivəsində 2025-ci il üzrə videoçarx formatında yekun hesabat təqdim olunub. Hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, təlim və seminarlar, regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətraflı şəkildə əks olunub.

Rəsmi hissənin davamında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində fəallığı ilə seçilən üzvlərə, eləcə də Cəmiyyətin təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib. Təşəkkürnamə təqdim edilən media arasında BAYRAQDAR MEDİA da var.

Tədbirin təşkilində və yüksək səviyyədə keçirilməsində dəstək göstərən VECON Consulting MMC, Fame Pro, Expert Audit MMC, International Price Center, Baku Property Services və Azer Business Consulting şirkətlərinə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından xüsusi təşəkkür ifadə olunub.

Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə davam edib, Yeni İl və Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə iştirakçılara xoş arzular çatdırılıb və hədiyyələr təqdim edilib.








