“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilənlər arasında qardaş Türkiyənin media təmsilçiləri də var
BAYRAQDAR MEDİA – Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Alptekin Cihangir İşbilir: Türkiyə və Azərbaycan arasında media sahəsindəki ittifaqın və əməkdaşlığın inkişafı üçün birlikdə çalışmağa davam edəcəyik
Bu barədə media müşavirinin özü məlumat verib.

C.İşbilir Azərbaycan Prezidenti tərəfindən təsis edilmiş bu medalla təltif olunmağın onun üçün qürur mənbəyi olduğunu vurğulayıb: “Türkiyə və Azərbaycan arasında media sahəsindəki ittifaqın və əməkdaşlığın inkişafı üçün birlikdə çalışmağa davam edəcəyik. Media İnkişaf Agentliyinə və 150 illiyini qeyd etdiyimiz köklü Azərbaycan mətbuatının üzvlərinə təşəkkür edirəm”.
Murat Akkoç, Tolga Özgenc, Fulya Öztürk, Fatih Avanos…
Onu da qeyd edək ki, Cihangir İşbilirlə yanaşı, TRT, AA, İHA ve CNN Türkdən media mənsubları da “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Təltif edilənlər arasında TRT Azərbaycan təmsilçisi Murat Akkoç, Anadolu Ajansı Asya və Kafkasya Haberleri Müdürü Tolga Özgenç, tanınmış jurnalist Fulya Öztürk, Fatih Avanos və digərləri var.





