BAYRAQDAR MEDİA – Dekabrın 24-də Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və hüquqşünas Tahir Nəqəvinin həyat yoldaşı Suheyla Seddiqian Kərəc şəhərinin ETTELAAT (İnformasiya və Təhlükəsizlik) İdarəsinə çağırılaraq dindirilib. İnsan haqları təşkilatlarının məlumatına görə, sorğu-sual prosesi təxminən 5 saat davam edib.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.
Xəbərdə deyilir ki, “təhlükəsizlik qüvvələri Seddiqianı Nəqəvi barədə məlumat yaymaq və onun hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti səbəbi ilə həbs etməklə hədələyiblər”.
Qeyd edilib ki, “Tahir Nəqəvi 2024-cü ilin fevralında Kərəcdə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb. Fəala “milli təhlükəsizliyə qarşı əlbir olmaq”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “rəhbəri (Xameneyini) təhqir etmək” və “casusluq” ittihamları ilə 6 il müddətinə həbs cəzası verilib”.





