Press "Enter" to skip to content

Dədəli lövhələri – 1

Azər HƏSRƏT

Son yeniləmə: 5 Yanvar 2026

“Bala, bu evdə bir işıq yandır”…

BAYRAQDAR MEDİA – Çevrəmdə olan hər kəs bilir: mən bir Dədəli sakini, Dədəli aşiqiyəm.

Mənim kəndimdir Dədəli. Mənə qədər isə yüz illər boyunca əcdadımın – soyumun kəndi olub.

Dədəli Azərbaycan tarixinin ən qədim kəndlərindən biridir həm də. Bu kənd özünəməxsus aurası – ovqatı ilə də fərqlənir.

Tez-tez qonaqlar aparıram Dədəliyə. Bəzən bu qonaqlar xarici ölkələrdən olur. Həmişə fikir vermişəm: kəndə ilk dəfə gələn qonaq dərhal qeyd edir ki, buranın aurası müsbət, cəlbedici və xoşdur.

Hətta bəzən dostlar deyir ki, “sizin Dədəliyə sanki ayrıca bir dövlət qayğısı var”. Cavab verirəm ki, “əlbəttə dövlətimizin qayğısını hər yerdə, hər zaman hiss edirik. Amma Dədəlinin belə sevimli bir kənd olması bundan qaynaqlanmır. Bu kənd öz sakinləri – hər birisi bir dəyər olan insanları ilə belə abad, sevimlidir”.

Doğrudan da mənim kəndim, onun insanları bu qədər cana yaxın, xoşdur, sevimlidir.

Sevirəm kəndimi, sevirəm insanlarımızı.

Dədəlinin hər daşını, kəsəyini, çayını, torpağını, meşələrini, kol-kosunu sevirəm. Bu sevgimi də bütün dünyaya bar-bar bağırıram. Ona görə də Bakıda, hətta bəzən xaricdəki dostlar mənimlə kef-hal edəndə, “Dədəlidə nə var, nə yox” deyə soruşurlar…

…Bu sevimli, tarix qoxan kəndim haqqında yazmağa başlayıram bugündən.

Əslində bu qərarı təxminən on gün öncə vermişdim. Kənddəki evimizdə idim, təkdim. Yataqda ikən anidən ağlıma bir fikir gəldi ki, axı niyə həm də öz kəndim haqqında silsilə yazılar yazmayım?

…O gecə düşündüm ki, bu qədər zəngin tarixi, təbiəti, dəyərli insanları olan kəndimi – Dədəlimi kitablaşdırmaq elə mənim kimi oğula düşər də.

…O gecə yuxumda atamı gördüm, anamı gördüm, əzizlərimi gördüm. Sanki fikirlərimi oxumuşdular, sevinirdilər. Həm də bunu bir xeyir-dua kimi qəbul etdim və qərarımı verdim…

Dədəli haqqında yazacağam. Yazılarım mediada yayımlanacaq, sonra da onları toplayıb kitab halında çap etdirəcək və gələcək nəsillərə ötürəcəyəm.

Beləliklə, artıq siz ilk yazını oxuyursunuz. Bu yazını bir xeyir-dua kimi qəbul edin lütfən. Lap elə ana-ata xeyir-duası…

Ana demişkən, Dədəlidəki ata yurdumuzda tarixi yüz illərlə ölçülən köhnə evimiz vardı. O evdən çıxmış uşaqlar olaraq hərəmiz bir yanda yuva salmışıq. Mən də istisna deyiləm. Bu baxımdan həmin o yurd evimiz bəzən bomboş qalırdı. Heç kim olmurdu orada…

…İllər öncə idi. Haradasa 14-15 il öncə. Bir gecə yuxuma anam girdi. Bizim həmin o evin pilləkən qutusunda – ikinci mərtəbədə idim. Yuxuda yəni. Anam baxdı, dedi ki, “bala, bu evdə bir işıq yandır”…

Bunu bir tapşırıq kimi qəbul etdim. Və sonrakı illərdə – dəqiq olsaq, 2014-cü ildə o vaxt sağ olan əmimin və qardaşlarımın xeyir-duası ilə işə başladım. Yurdu abad etmək işinə…

Yeni ev tikdim, daim işığını yandırmaq üçün bu gün də çalışıram. Ev artıq şənlənib, qonaqlı-qaralıdır. Bütün qohum-əqrəba, dost-tanış bizim sevincimizi bölüşür, bizim qədər sevinir buna.

Ən çox sevinənlər arasında artıq haqq dünyasında olan əmim Həsrət də vardı. Onun sevinməsi bir başqa idi. Heç yadımdan çıxmaz, əmim həmişə deyirdi ki, “qardaşoğlu, sən orda işıq yandıranda, bilirsən nə qədər şadlanıram?”

Əmim deyirdi ki, “ora bizim nəslin ata ocağıdır, pəncərəmdən oranı görürəm həmişə. İşıq yananda o qədər xoşbəxt oluram ki”…

Doğrudan da xoşbəxt olurdu əmim. Elə mən də, əzizlərim də xoşbəxt oluruq o evdə işıq yananda…

Beləcə Dədəlidən – Dədəli haqqında silsilə yazılarım olacaq. Bilmirəm harada dayanacağam, haraya qədər yazacağam. Amma yazmaq əzmindəyəm…

Bu yazılarımda Dədəlinin tarixi də olacaq, maraqlı həyat lövhələri, insanları, adətləri də yer alacaq. Məncə maraqlı bir silsilə gözləyir oxucularımızı.

Bizi oxuyacaq hər kəsə bəri başdan təşəkkür edir, onları yeni yazılarımızı gözləməyə dəvət edirəm. Özümə yaxşı yazılar, sizə də yaxşı oxumalar diləyi ilə, başladıq.

Mission News Theme by Compete Themes.