Press "Enter" to skip to content

Dədəli lövhələri – 2

Azər HƏSRƏT

Son yeniləmə: 5 Yanvar 2026

Dədəli Dədə Qorqud dövründə də var olub

BAYRAQDAR MEDİA – Bir qayda olaraq tarixə müraciət edilər. Çünki tarix insanın da, yerin-yurdun da əslini – soyunu – kökünü müəyyən edər.

Dədəlinin tarixi də, əslində qədimdir. Kim bilir, bəlkə də min il öncəyə gedib çıxır. Amma dəqiq məlumdur ki, bu kənd ən azı 400 ildir ki, tarix səhnəsində var.

Dədəli tarixdə olanda nəinki ətrafdakı bəzi kəndlər, heç bir sıra şəhərlər də ortalıqda yox idi. Bunu deməyə ilkin araşdırmalarımız əsas verir…

Dədəli haqqında ciddi və əsaslı tarixi-arxeoloji araşdırmalar aparılmayıb. Təəssüf ki. Bizim bildiklərimiz atalarımızdan, onların da öz atalarından eşitdikləri əsasındadır…

Beləliklə, yazılı mənbələrdə Dədəlinin adına ilk dəfə Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-irəm” əsərində rast gəlirik. Bu tarixi əsərdə mənim doğma kəndimin adı cəmi bircə dəfə çəkilib. Kəndə aid tarixi dönəm isə 1713-cü il kimi göstərilir.

“Gülüstani-irəm”də Dədəlinin adı rusların Azərbaycan torpaqlarını çapıb-taladığı dövrlə əlaqədar çəkilir. Sitat: “Bir neçə gün ərzində Yalama ilə Bəlbələ (VəlvələA.H.) çayları arasında olan bütün Dərbənd və Müskür ətrafı rus əsgərlərinin əlinə keçdi. Müskürün bütün kəndləri əhalinin iğtişaşı üzündən xaraba qalmışdı. Ancaq Dədəli kəndində Hacı Davudun daş hasarlı evi qalmışdı, qarovulçular burada sakin oldular”.

Qeyd edək ki, “Gülüstani-irəm” 1841-ci ildə yazılıb…

Haşiyə: Yeri gəlmişkən, Hacı Davud məsələsinə ayrı bir yazıda toxunacağıq. Çünki indiki Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ləzgi camaatı ilə Azərbaycanın əsas milləti – türklər arasında nifaq salmaq üçün bu şəxsin adından çox istifadə edir. Onun etnik mənsubiyyəti haqqında heç bir əsası olmayan (əslində olsa belə bir işə yaramayan) iddialarla bizi can qardaşlarımız ləzgilərlə üz-üzə gətirmək istəyirlər. Ona görə də bu şəxslə bağlı ayrıca bir yazı yazmaq ciddi zərurətdir. Üstəlik də onun adı mənim doğma kəndim – Dədəli ilə bağlıdırsa, mütləq bu məsələyə aydınlıq gətirilməlidir…

…İş ondadır ki, Dədəlinin bir yaşayış məntəqəsi olaraq mövcudluğu və diqqət çəkməsi Abbasqulu ağa Bakıxanovdan 200 il öncə də mümkün olub. Düzdür, tarixi əsasları yoxdur və ya ən azından bizə məlum deyil, amma məşhur türk səyyahı Övliya Çələbinin bu kənddə olduğu ehtimal edilir!

Necə?

…Dədəlidə “Çələbilər” adında pir var. Bu pir kəndin tarixi qəbiristanlığında yerləşir. Bir ağac dibində heç bir seçkin əlaməti olmayan bir yerə kənd camaatı da, başqa yerlərdən gələnlər də pir deyir, oradan şəfa umur…

“Çələbilər” piri civarda çox məşhurdur. Dərdi olan bu pirə pənah gətirir, dərman tapacağına inanır. Elə bu pirin də Övliya Çələbinin qəbri olduğu deyilir. Bir daha vurğulamaq istərdim ki, bunu təsdiq edəcək tarixi dəlillərə şəxsən mən rast gəlməmişəm. Sadəcə ağızdan ağıza, böyükdən kiçiyə xalq yaddaşı bunu belə iddia edir…

Övliya Çələbi isə 1611-1682-ci illərdə yaşayıb, o cümlədən də Azərbaycana gəlib, gəzib, görüb, yazıb. Düzdür, tarixi mənbələr onun Misirin paytaxtı Qahirədə öldüyünü təsdiqləyir. Amma bir iş də var ki, belə müqəddəs insanların müxtəlif yerlərdə qəbirlərinin olması o dövrlərdə geniş yayılmış bir inam olub. Yəni Dədəlidə Övliya Çələbinin qəbrinin olduğu bu baxımdan düşünülə bilər…

Tarixi mənbələrə görə, Övliya Çələbi Azərbaycana ilk dəfə 1640-cı ildə gəlib. Ümumiyyətlə isə o, Azərbaycanda 4 dəfə olub. Əgər Dədəlinin “Çələbilər” piri doğrudan da onun adı ilə bağlıdırsa, həmin tarixdə də bizim kəndimizin var olduğunu təsdiqləyə bilərik.

…Həm də nəzərə alaq ki, bu pirin də yerləşdiyi qəbiristanlıq olduqca qədimdir, hətta islam adətincə olmayan qəbir də var, üstəlik böyüklərimiz burada üst-üstə 7 qat qəbirlərin olduğunu deyirdi.

Daha bir diqqət çəkən məqam isə öz qəbiristanlığı belə olan ətraf kəndlərin Dədəli qəbiristanlığında gorgahlarının hələ də qalması, ölülərini indi də burada dəfn etməsidir…

Bu tarixi faktları nəzərə alsaq, Dədəli ən azı 1600-cü illərdə artıq vardı. Amma başqa bir iddiaya görə, Dədəli Dədə Qorqud dövründə də var olub, elə adı da oradan gəlir. Bu haqda irəlidə danışacağıq…

İndi isə bugünkü Azərbaycan Respublikası torpaqlarını işğal etmiş rusların diqqət çəkən sənədlərində Dədəli haqqında yazılanlara nəzər salaq.

1857-ci ildə dərc edilmiş “Qafqaz təqvimi”ndə qeyd edilir ki, “Dədəlidə sünni tatarlar yaşayır və onlar tatar dilində danışır”.

Təbiətşünas-alim, səyyah Nikolay Karloviç Zeydlits isə 1873-cü ildə topladığı bilgilərdə yazırdı ki, “Qusar çayının sol sahilində, Zərdəgül bulağının yanındakı Dədəli kəndində 37 təsərrüfatda 266 sünni tatar yaşayır”.

Qeyd edək ki, N.K.Zeydlits bu bilgiləri 1873-cü ildə toplayaraq 1879-cu ildə “Qafqaz haqqında bilgilər toplusu”nda dərc etdirib.

Yenə də işğalçı Rusiyanın rəsmi məlumatlarına görə, 1886-cı ildə Dədəli kənd icmasında 40 təsərrüfatda 271 nəfər yaşayıb və onların hamısı tatar olub.

Bu silsilə 20-ci yüzildə də davam edib. 1912-ci ilə aid “Qafqaz təqvimi”nə görə, Dədəlidə 334 nəfər tatar sakin yaşayırdı…

Daha sonrakı dövrdə, 1921-ci ildə aparılmış siyahıyaalmada Quba uyezdinin Dədəli kəndində 69 təsərrüfatda 285 Azərbaycan türkünün yaşadığı qeyd edilir…

1933-cü ilə aid “Azərbaycan SSR-in inzibati ərazi bölgüsü” nəşrində Dədəlidə 84 təsərrüfatda 362 sakin yaşayırmış. Bu sənəddə o da qeyd edilir ki, Dədəlinin də daxil olduğu Bostançı sovetliyinin ümumi əhalisinin 84 faizi türklər olub…

Haşiyə: “Tatar” və “türk” – bu gün “Azərbaycanlı” kimi təqdim etdiyimiz, Azərbaycanın titul milləti olan kəsimə o dövrdə belə deyirdilər. Bu da başqa bir araşdırma – dəyərləndirmə mövzusudur…

…Bütün bunları gələcəkdə yazacağımız yazılar üçün tutarqa olaraq qeyd edirəm. Həm də Dədəlinin etnik mənsubiyyəti ilə bağlı Rusiya FSB-sinin tapşırığı ilə yalanlar uyduranlara gərəkli cavabı da vermək üçün. Təəssüf ki “can qardaş” dediklərimizin içindən bəzi şəxsləri “erməni xəstəliyi”nə yoluxduran FSB boş dayanmır, bu xəstələr də getdikcə daha da erməniləşirlər. Hətta o qədər ki, dağ başındakı hansısa bir kəndin şəklini TV kanallarında göstərib Dədəli olduğunu iddia edirlər. Cavabımız olacaq…

Beləliklə, bu yazımda Dədəlinin tarixinə və etnik mənsubiyyətinə işıq tutmuş oldum. Əlbəttə tarixi mənbələrə, özü də əsasən bizə heç də dost olmayanların tərtib etdiyi əsərlərə istinadla. Bu üsulu da ona görə seçdim ki, bizi tərəfkeşlikdə – tək tərəflilikdə ittiham etmək istəyənlərin səsini elə indidən kəsmiş olaq…

Növbəti və maraqlı yazılarımız da gələcək əlbəttə…

Sonda: Yuxarıda Dədəlinin Dədə Qorqud dövrünə gedib çıxan tarixinə işarə etmişdim. O möhtəşəm “Kitabi Dədəm Qorqud”un girişində də deyildiyi kimi, “Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqıt Ata diyərlər, bir ər qopdı. Oğuzun ol kişi tamam bilicisiydi, – nə diyərsə, olurdı”. Söhbət, əlbəttə ki, Məhəmməd peyğəmbərin hələ dünyada olmadığı dövrdən gedir. Yəni ən azı 1500 il öncədən. İş ondadır ki, məşhur və yetərincə dərin araşdırmaçı olan dəyərli dostum, türk dünyası və ədəbiyyatı ustadı, mərhum Prof. Dr. Ramiz Əskər Dədəlinin adını “Dədə Qorqud yurdu” kimi dəyərləndirirdi…

Mission News Theme by Compete Themes.