Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – 31 dekabr deyildikdə ilk ağlımıza gələn və gəlməli olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər bayram tədbirində adını eşitdiyimiz bu “Həmrəylik Günü” nədir və necə yaranmışdır, bilirsiniz?
Əlbəttə, insanlarımızın əksəriyyəti bu barədə məlumatlıdır. Ancaq bəzən, təəssüf ki, bu sualı soruşduqda insanlarımızın bu barədə kifayət qədər məlumata sahib olmadığını görürük. Bəziləri bu günü Yeni il bayramı ilə qarışdırır, bəziləri isə Yeni ilin sadəcə bir əlavəsi olduğunu zənn edir.
Halbuki bu gün elə möhtəşəm bir gündür ki, dünyada taleyi bizə bənzəyən, parçalanma yaşamış bir çox millətin belə sahib olmadığı, yalnız bizə məxsus olan milli bayramdır.
Hamımıza məlumdur ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra vətənimiz və millətimiz Quzey və Güney olmaqla iki yerə bölündü. Araz çayı sərhəd olmaqla Azərbaycanın Quzey hissəsi Rusiyanın, Güney hissəsi isə Qacar İranının nəzarətində qaldı. Bununla da kifayətlənmədilər. Quzey Azərbaycan torpaqları ruslar tərəfindən yenidən parçalanaraq Ermənistan, Gürcüstan və Dağıstan (Rusiya) arasında bölüşdürüldü.
Bu gün Ermənistan istisna olmaqla həmin bölgələrin hamısında Azərbaycan türkləri yaşamaqdadır. Ümumilikdə isə bu gün dünyada 60 milyona yaxın azərbaycanlının yaşadığı ehtimal olunur. 31 dekabr da yalnız müstəqil Azərbaycanda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarını deyil, dünyanın müxtəlif ölkələrində yaşayan bütün Azərbaycan türklərini birləşdirən ortaq milli bayramdır.
Bəli, bu, torpaqları bölünmüş olsa da ruhu bütöv qalan millətimizin bayramıdır. Bəs sözügedən bayram necə yaranmışdır?
1980-ci illərin sonlarına yaxın Sovet rejimi də çökməyə başladı. Zülm üzərində qurulmuş bu sistem artıq davam edə bilməzdi. Azərbaycan türkləri də iki əsrə yaxın ayrı düşdükləri Güneydəki soydaşlarına qovuşmaq üçün 1989-cu ildə sərhədlərə axışdılar. Quzeyli-Güneyli Azərbaycan türkləri sərhədlərin açılmasını, öz qardaşlarına qovuşmağı tələb etdilər. Millətin bu harayını artıq susdurmaq mümkün deyildi. Bu, təkcə bir səs deyildi; bu, əsrlərin içində yığılıb qalan haqq hayqırtısı idi. Xalqın səsi coşqun bir selə çevrilmişdi və artıq heç bir sədd, heç bir zəncir, heç bir qorxu bu selin qarşısında dayana bilməzdi.
Millətin qarşısında qurulan süni sərhədlər bu iradə qarşısında aciz qalmışdı. Zaman millətin zamanı idi. Tarix xalqın çağırışına cavab verirdi. Araz susmurdu, xalq susmurdu, Azərbaycan susmurdu. Nəhayət, 1989-cu il dekabrın 31-də Naxçıvanda Sovet-İran sərhədindəki tikanlı məftillər sökülüb dağıdıldı, yandırılıb məhv edildi.
Bu hadisələr Sovet əsgərlərinin gözləri önündə baş verdi və onlar kütləvi şəkildə gələn xalq qarşısında aciz qaldılar. Quzeydən və Güneydən insanlar bir-birinə qovuşmaq üçün Araz çayının soyuq sularına atıldılar; təəssüf ki, bəziləri çayda boğularaq həyatını itirdi. Həmin gündən etibarən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmağa başlandı.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaşadıqca Bütöv Azərbaycan məfkurəsi də qəlbimizdə yaşayacaqdır. Yazımı bu hərəkatın böyük öndərlərindən olan mərhum Əbülfəz Elçibəyin 30 dekabr 1993-cü ildə Kələki kəndindən Dünya Azərbaycan türklərinə həmrəylik günü münasibətilə ünvanladığı müraciətlə tamamlayıram:
“Sevimli ellərimiz, əziz, sayğılı, qayğılı Azərbaycan türkü. Bu Həmrəylik Günü yalnız və yalnız bizimdir. Bu Həmrəylik Günü 190 il bundan öncə yağı düşmənlər tərəfindən parçalanmağa başlayan elimizin, yurdumuzun 1989-cu ildə birliyə doğru atdığı ilk böyük addımın günüdür.
Bu gün Azərbaycan türkünün Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, onun hər parçasını bir yana atdığı, yağı düşmənə “İtil buradan!” dediyi, yüz minlərlə Azərbaycan türkünün hər iki sahildən Araza doğru yürüdüyü, Arazın buzlu suyunu cənnət suyu kimi bir-birinin üzərinə çilədiyi, əl-üzlərini yuyub ondan doyunca içdiyi sevincli və şərəfli bir gündür.
Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru atdığı ilk uğurlu addım günüdür. Bu gün Azərbaycan türkünün öz doğma yurdu Azərbaycan torpaqlarının birliyi uğrunda keçirdiyi ilk açıq Həmrəylik Günüdür.
Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır. Bu gün Azərbaycan türkünün birlik və bərabərliyini gerçəkləşdirəcək zamanın ilk doğuş günüdür.
Bu birliyə rəhmətlik İsmayıl bəy Qaspıralı “Dildə, fikirdə, işdə birlik” demiş, bu bərabərliyi isə rəhmətlik Məhəmmədəmin bəy Rəsulzadə müsavat adlandırmışdır. Biz bu birliyə və bu bərabərliyə möhtacıq və Ulu Tanrının buyruğu ilə tarix bizi buna səsləyir.
Yağı düşmənlərimizin yüz illər boyu dağıtdığı birliyimizi yalnız və yalnız həmrəyliklə yenidən qura bilərik. Bizə ilk addımda həmrəylik gərəkdir. Yurd uğrunda həmrəylik, el uğrunda həmrəylik, dil uğrunda həmrəylik, din uğrunda həmrəylik, Birləşmiş Azərbaycan Yurdları uğrunda həmrəylik.
Bu gündən yararlanaraq 40 milyon Azərbaycan türkünün böyük həmrəyliyə doğru yürüdüyü yolda onlara böyük uğurlar arzulayıram. Tanrı bizə yar olsun. Onun yar olacağına qəti əminəm…”





