Zakir İbrahimov: Bu günədək, maddi dəyərdən savayı, mənəvi və simvolik mənalar daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycanın aparıcı dağ-mədən şirkəti “AzerGold” yalnız qızıl və gümüşün hasilatı və ixracı ilə deyil, həm də məhsulların son istehlakçıya çatdırılması sahəsində uğurla həyata keçirdiyi təşəbbüsləri ilə də seçilir. Dövlətin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət çərçivəsində bu istiqamətdə bir çox uğurlar əldə edilib.
Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında “Nadir İncilər – İpəklə gümüşün harmoniyası” tədbirindəki çıxışında qeyd edib.
İdarə Heyətinin sədri bildirib ki, yerli istehsalın təşviqinə yönəlmiş iqtisadi siyasət fəaliyyətimizə geniş imkanlar açıb: “Yerli xammal əsasında hazırlanmış qiymətli məmulatların daxili bazarda satışı, mədəni irsin və milli dəyərlərin təbliği ilə yanaşı, rəqabətqabiliyyətli milli məhsulların yaradılması baxımından da uğurlu nümunəyə çevrilib. “AzerGold”un ilk məhsullarının təqdimatına 2019-cu ildən başlanılıb. Sikkə və külçələrin istehsalında əsas məqsəd yerli bazarı milli dəyərlərimizi əks etdirən məhsullarla təmin etməklə “Made in Azerbaijan” brendini təşviq etmək idi”.
Çıxışda vurğulanıb ki, bu günədək, maddi dəyərdən savayı, mənəvi və simvolik mənalar daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib: “Zamanla bu layihə yalnız təbliğat missiyası ilə məhdudlaşmayaraq, ölkə iqtisadiyyatı üçün real dəyər yaradan uğurlu bir modelə çevrilib. Yerli xammalın əlavə dəyərə malik son məhsula çevrilməsi iqtisadi şaxələndirməyə töhfə verib. Cari ildə qiymətli məhsulların ölkədaxili pərakəndə satışından 38,6 milyon manat vəsait əldə edilib. 2019-cu ildən bu günədək isə məhz pərakəndə satışdan ölkə iqtisadiyyatına təqribən 92 milyon manata yaxın vəsait cəlb olunub”.



