BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində (ATÜ) “Türk dünyasında ortaq əlifba çalışmaları” mövzusunda panel təşkil edilib.
Bu barədə universitetin məılumatında qeyd edilib.
Məlumata görə, tədbir Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyənin İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb. Açılışda Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk və əziz şəhidlərimiz ehtiramla anılıb.
Məlumatda deyilir ki, “panel Universitetin Türk Dili Tədrisi Tətbiq və Araşdırma Mərkəzi (TÖMER) tərəfindən təşkil olunub. Açılış nitqlərindən sonra TÖMER-in direktoru, müəllim Ahmet Şahin çıxış edərək panelin məqsədi və əhatə dairəsi barədə ətraflı məlumat verib. Ardınca universitetin rektoru Prof. Dr. Adnan Sözen Türk dünyasında dil birliyinin və ortaq əlifba istiqamətində aparılan işlərin mədəni və akademik əməkdaşlıqlar baxımından daşıdığı mühüm əhəmiyyətə diqqət çəkib”.
Panelin moderatorluğunu Gazi Universitetinin müəllimi Prof. Dr. İhsan Kalenderoğlu həyata keçirib: “Panel çərçivəsində Çukurova Universitetinin TÖMER direktoru, müəllim Dr. Serhat Koçak və ATÜ TÖMER-in direktoru, müəllim Ahmet Şahin Türk dünyasında ortaq əlifba təşəbbüsləri, dil siyasətləri və akademik əməkdaşlıq perspektivləri mövzularında məruzələrlə çıxış ediblər. Tədbirin sonunda panelistlərə göstərdikləri töhfələrə görə təşəkkür edilib və universitetin rektoru Prof. Dr. Adnan Sözen tərəfindən onlara xatirə plaketləri təqdim olunub”.





