Eskişehirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl coşqusu
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə Salam” proqramı Lidya Park Salonunda geniş iştirak və coşqulu atmosferlə həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Məlumata görə, proqrama Dərnək sədri Uzm. Ecz. Cavid Aydın, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, sədr müavini SiracYaquboğlu, Sevgi Xoru üzvləri,dərnək üzvləri, azərbaycanlı soydaşlar və çox sayda gənc qatılıb: “Proqramın açılış nitqini edən Dərnək sədri Uzm. Ecz. Cavid Aydın, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif coğrafiyalarında yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik və ortaq mədəni dəyərlərin gücləndirilməsi baxımından önəmli bir gün olduğunu vurğulayıb. Sədr müavini Sirac Yaquboğlu isə çıxışında həmrəylik ruhunun yaşadılmasında mədəni tədbirlərin və gənclərin aktiv iştirakının əhəmiyyətinə diqqət çəkib”.

Məlumatda qeyd edilib ki, tədbir bədii və mədəni nümayişlərlə davam edib: “Milli rəqs və mahnılar, proqram çərçivəsində səhnəyə çıxan Şaxta Baba və Qar Qız uşaqlara hədiyyələr paylaması, bundan əlavə, beynəlxalq və şəhərlərarası musiqi festivallarında nailiyyətlər qazanan gənc sənətçi Elvin Məmmədlinin səhnə performansı iştirakçılara duyğulu anlar yaşadıb. Gecədə eyni zamanda gənc sənətçi Mirzə Kazımzadənin çıxışı da izləyicilər tərəfindən böyük maraqla qarşılanıb”.

Bayram proqramı maraqlı yarış və digər məqamlarla yadda qalıb.





