BAYRAQDAR MEDİA – İğdır Universitetinin Ağız və Diş Sağlamlığı Xəstəxanası ilə Sosial Təminat Qurumı (SGK) arasında qlobal büdcə müqaviləsi imzalanıb. Müqavilə universitetin rektoru Prof. Dr. Ekrem Gürel və SGK-nın Ümumi Sağlamlıq Sığortası üzrə baş direktoru dosent Dr. Eren Usul tərəfindən imzalanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, imzalanan müqaviləyə əsasən, İğdır Universitetinin Ağız və Diş Sağlamlığı Xəstəxanası 1 yanvar 2026-cı il tarixindən etibarən qlobal büdcə tətbiqinə keçəcək: “Bu tətbiq çərçivəsində inkişaf mərhələsində olan xəstəxananın təcili və prioritet ehtiyaclarının daha operativ şəkildə qarşılanması, xidmət potensialının artırılması və institusional inkişafın dəstəklənməsi hədəflənir. Qlobal büdcə tətbiqinin həm səhiyyə xidmətlərinin dayanıqlığının təmin olunması, həm də pasiyent məmnuniyyətinin yüksəldilməsi baxımından mühüm töhfələr verəcəyi gözlənilir”.
Qlobal büdcə tətbiqi ilə birlikdə İğdır Universitetinin Ağız və Diş Sağlamlığı Xəstəxanasının bölgə əhalisinə daha güclü, səmərəli və keyfiyyətli səhiyyə xidmətləri təqdim etməsi nəzərdə tutulur.





