BAYRAQDAR MEDİA – Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən “Biz könüllüyük” Layihəsi çərçivəsində dəstəklənən, Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) Biga İqtisadi və İnzibati Elmlər Fakültəsinin Biznesin İdarə Edilməsi Bölməsinin müəllimi, dosent Dr. Esra Atabayın koordinatorluğu ilə həyata keçirilən “Gələcək naminə bu günün suyunu israf etmə” adlı layihə çərçivəsində hazırlanan “İtən su mənbələrimiz” foto sərgisi ziyarətçilər üçün açılıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, sərginin açılışından sonra ÇOMÜ-nün rektoru Prof. Dr. R. Cüneyt Erenoğlu da sərgini ziyarət edərək nümayiş etdirilən əsərlərlə yaxından tanış olub: “Layihə koordinatoru dosent Dr. Esra Atabaydan və könüllü tələbələrdən ətraflı məlumat alan rektor Erenoğlu sərginin daşıdığı ictimai əhəmiyyətə diqqət çəkərək qısa dəyərləndirmə aparıb. Rektor, “Su ehtiyatlarımızın sürətlə tükəndiyi bir dövrdə gənclərimizin bu mövzuda maarifləndirici və fərqındalıq yaradan işlər görməsi son dərəcə dəyərlidir. Bu mənalı layihədə əməyi olan akademik heyət üzvümüzü və tələbələrimizi ürəkdən təbrik edirəm” deyib”.
Məlumata görə, quraqlıqla bağlı vizual fərqındalıq yaratmağı hədəfləyən sərgi layihədə iştirak edən 25 könüllü tələbənin töhfələri ilə hazırlanıb.





