BAYRAQDAR MEDİA – Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi (SN) qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşları sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmağa çağırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “xüsusilə yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etmələri, əl gigiyenasına ciddi riayət etmələri tövsiyə olunur. Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur”.
SN hər bir vətəndaşı sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü və ətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırıb.





