Press "Enter" to skip to content

Qaranlıq qalan şirkət, aydınlaşdırılmayan iddialar

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Mebel işi ilə məşğul olan bir tanışım müştəri ilə fabrik arasında vasitəçi olaraq bir divan satmışdı. Razılaşmaya görə məbləğin yarısı işin əvvəlində, digər yarısı isə divan təhvil veriləndə ödənilməli idi. Divan təhvil veriləcəyi vaxt ev sahibləri köhnə divanlarını başqasına verib yeni divanı gözləməyə başladılar.

…Nəhayət yeni divan gətirildi. Ancaq nə divanın rəngi, nə də keyfiyyəti ilkin razılaşmada danışıldığı kimi deyildi. Bu halda müştəri əsəbiləşərək pulun qalan hissəsini ödəmədi. Çünki həm iş çox keyfiyyətsiz idi, həm də əvvəlcədən razılaşdırılan şərtlərə uyğun gəlmirdi. Nəticədə müştəri istədiyi mal gələnə qədər pulun qalan hissəsini verməyəcəyini bildirdi. Eyni şəkildə fabrik sahibi də müştərinin pulun qalan hissəsini ödəmədiyindən gileylənir, bunu hər yerdə dilə gətirirdi. Daha sonra isə fabrikin özü müştərini məhkəməyə verdi.

Bu hekayəni yazmağımın bir məqsədi var. İndi isə əsas mövzuya keçək.

Bir müddət əvvəl tanıdığım bir şəxs mənə bir video göndərdi. Videoda Türkiyə vətəndaşı olan bir qadın və bir kişi — şirkət sahibi olduqlarını bildirərək — Azərbaycanda, Qarabağda yenidənqurma işləri ilə məşğul olduqlarını, lakin bir müddət əvvəl mallarının qanunsuz şəkildə müsadirə edildiyini və pullarının verilmədiyini iddia edirdilər. Bununla bağlı hər yerə müraciət etdiklərini, lakin heç bir nəticə əldə edə bilmədiklərini söyləyirdilər. Üstəlik, bu xəbərlər daha çox Avropa mənşəli müxalifət kanallarında yayılırdı.

İlk vaxtlar bu xəbərlərə ciddi əhəmiyyət vermədim. Ancaq eyni xəbər fərqli-fərqli kanallarda yayılmağa başlayanda məsələ diqqət mərkəzimə daxil oldu. Xəbərlərin altında yazılan şərhlər və eyni mövzunun müxtəlif adamlar tərəfindən mənə göndərilməsi səbəbi ilə tək-tək cavab vermək əvəzinə bu mövzuda yazı yazmağı daha uyğun hesab etdim.

Əvvəlcə şirkət haqqında araşdırma aparmaq üçün internetdə axtarış etdim. Sahibinin iddiasına görə, şirkət 1999-cu ildə qurulub və üç qitədə fəaliyyət göstərir. Xüsusilə Qətər, Özbəkistan və Qazaxıstanda inşaat işləri ilə məşğul olduqlarını bildirirlər. Lakin Türkiyə mənşəli olduğu deyilən bu şirkətin Türkiyədə heç bir ünvanını tapa bilmədim. Ümumiyyətlə, şirkətə aid rəsmi vebsayt, reklam materialları, kataloqlar və ya haqqında dərc olunmuş hər hansı bir xəbər mövcud deyil.

Şirkətlə bağlı məlumatlar yalnız Azərbaycana gəldikdən sonra, yəni 2021-ci ildən etibarən ortaya çıxmağa başlayır. Ünvanları da məhz Azərbaycan olaraq göstərilir. Sosial media hesabları belə Qarabağda aparılan quruculuq fəaliyyətləri ilə eyni vaxtda açılıb və izləyici sayı yüz nəfəri keçmir. Hətta şirkətin rəsmi Instagram hesabı kimi təqdim edilən profil belə sahibinin şəxsi adını daşıyır. Bunlar mənim ilk baxışda internet üzərindən əldə etdiyim məlumatlardır.

Lakin xəbərlərin şərhlər hissəsinə baxdıqda, bəzi Azərbaycan əleyhinə fikirlərin, özü də Azərbaycan türkləri tərəfindən yazıldığını görürük. Baxın, bunu qəti şəkildə mümkünsüz demirəm, amma qarşı tərəfin də tam günahsız göründüyünü söyləmək çətindir.

Bu məsələ ilə bağlı şirkət sahibi olduğu deyilən şəxslə də əlaqə saxladım və yuxarıda qeyd etdiyim sualları ona ünvanladım. O isə mənə Türkiyədəki ofislərini Azərbaycandakı işlərə görə bağlamağa məcbur qaldıqlarını bildirdi. Halbuki şirkət iddia edildiyi qədər böyük idisə, niyə bağlansın? Üstəlik, bununla bağlı heç bir rəsmi və ya qeyri-rəsmi məlumat da yoxdur. O, həmçinin mövcud olmayan vebsaytlarına müdaxilə edildiyini iddia etdi…

Mən isə ona niyə bütün xəbərlərin və sosial media hesablarının yalnız 2021-ci ildən sonra qurulduğunu soruşdum. Əgər dedikləri kimi müdaxilə olmuşdusa, niyə daha əvvəlki illərə dair heç bir iz yoxdur da 2021-ci ildən sonra var? Və ya bəhs edilən müdaxilə indi olmur? Cavabında mövzunu dəyişərək Türkiyəyə qayıda bilmədiklərini və can təhlükələrinin olduğunu söylədi. Məhz bu nöqtədə doğru danışmadıqlarına əmin oldum. Çünki Azərbaycanda hər cür problem ola bilər, bu, dünyanın hər yerində mümkündür. Amma iddia edildiyi kimi, öldürülmə təhlükəsi və ya Türkiyəyə qayıdışın əngəllənməsi real görünmür. Üstəlik, söhbət xarici ölkə vətəndaşından, xüsusilə də Türkiyə vətəndaşından gedirsə.

Bəli, inanıram ki onlar həqiqətən Qarabağda müəyyən işlər görüblər, bəzi inşaat fəaliyyətləri olub. Amma məsələ yalnız bununla bitmir. Burada başqa, gizli qalan məqamlar var. Əks halda Türkiyədən yüzlərlə şirkət Qarabağda fəaliyyət göstərdiyi halda niyə məhz bu şirkətlə bağlı belə bir qalmaqal yaranıb? Üstəlik, deyilənlərin böyük hissəsi qaranlıq qalır.

Hazırda türkcə fəaliyyət göstərən erməni saytları da bu xəbərləri yaymağa başlayıb. Azərbaycan əleyhinə fəaliyyət göstərən nə qədər qrup varsa, hamısı bu mövzunu paylaşır. Onların bunu paylaşması təbiidir. Ancaq məsələnin mahiyyətinə dərindən baxsaq, yuxarıda danışdığım mebel hadisəsində olduğu kimi, fərqli həqiqətlərin də üzə çıxa biləcəyini görərik. Hər halda, qarşı tərəfdə də qaranlıq məqamlar olduğu üçün bu məsələ tam aydınlaşmadan hökm vermək doğru olmaz.

Qərar isə oxucuya məxsusdur.

Mission News Theme by Compete Themes.