Press "Enter" to skip to content

Dədəli lövhələri – 3

Azər HƏSRƏT

Dədəlinin adı saxta iddialar işığında

BAYRAQDAR MEDİA – Ötən yazılarımda qısaca da olsa Dədəlinin tarixinə toxunmuşdum. Amma, əlbəttə ki, bununla məsələ bitmir. Dədəli bir kənd ola bilər, kiçik də görünə bilər, lakin tarixi qədimdən də qədimdir. Ona görə də mövzuya işıq tutacaq yeni yazılarım hələ çox olacaq.

Bu yazımda isə Dədəlinin adının haradan gəlməsi ilə bağlı fikirlərimi paylaşmaq istərdim…

Bu yaxınlarda Xaçmazda yetərincə savadlı bir insan mənim Dədəlidən olduğumu bilincə, qayıtdı ki, “dəh dəli, yəni fars dilində 10 dəli” deməkdir. Bu deyim təsadüfi deyil. Doğrudan da bəzən “Dədəli” sözünün ilk kəsiminin fars dilindəki “dəh” (10) olduğunu iddia edənlər var…

Sual oluna bilər ki, bu “dəh” nədir, niyə Dədəlinin adı bu sözlə başlamalıdır?

İş ondadır ki, “dəh dəli” iddiasını Koroğlunun 10 dəlisinin Dədəlidən olması ilə bağlayanlar var. Onların iddiasına görə, Koroğlunun 7 min 777 dəlisindən 10-u Dədəlidən çıxdığı üçün kəndə “10 dəlinin yaşayış yeri” anlamında “dəh dəli” adı verilibmiş…

Amma heç kim soruşmur, soruşsa da izah edə bilmir ki, yaxşı, lap tutaq ki, Koroğlunun 10 dəlisi bu kənddən olub. Bəs ona bu fars dilində “dəh”lə başlayan ad verilənə kimi kəndin adı necə olub? Bu suala heç kimin, özəlliklə də kəndin adının farscadan gəldiyini iddia edənlərin cavabını eşitməmişik. Təbii ki, eşitmək maraqlı olardı…

İkincisi, Dədəli ilk başdan bir türk kəndi olub. Üstəlik də Koroğlu istər Azərbaycanda, istər Türkiyədə, istərsə də Türküstanda bir türk hadisəsidir. Elə isə canı, qanı, hər şeyi ilə türk olan Koroğlu olayında bir kəndə niyə farsca ad verilsin? Bu sualı da burada açıq buraxıram…

Üçüncü tərəfdən də onu xüsusi vurğulamaq istəyirəm ki, Dədəlinin bir yaşayış məntəqəsi olaraq Koroğlu dönəmində də var olması ağlabatandır. Bu baxımdan ötən yazımdakı bir iddia – Dədəlinin ən azı 17-ci yüzildə varlığı təkrar təsdiqini tapır…

Amma və lakin, onlayn mənbələrdə Dədəlidə məskunlaşmanın ən azı eramızın IX əsrinə aid olduğu bildirilir. Onu da xatırladaq ki, biz Dədəlinin Dədə Qorqud dövrünə aid bir yaşayış məntəqəsi olması haqqında danışmışdıq. Yəni eramızın VI əsrini nəzərdə tuturuq…

Ümumiyyətlə isə Dədəli adı bütün anlamlarda türkcədir. Üstəlik də bu kəndin türklərin deyil, farsların və ya ləzgilərin olmasını iddia edənlərə belə bir sual vermək istərdik: niyə kəndə verilən ad ləzgi və ya fars dilində deyil, türkcədir? Niyə insanlar yaşayış məntəqəsinə adı öz dillərində deyil, türk dilində veriblər?..

Bütün dünyada belədir: insanlar bir yerdə məskən salanda o yerə mütləq öz dillərində, özlərini tanıdan bir ad verərlər.

Haşiyə: İllər öncə qardaş Qazaxıstanın Almatı şəhərində bir yerli Azərbaycanlı ilə söhbətimiz olmuşdu. O danışırdı ki, əcdadları 1930-cu illərdə Azərbaycandan Qazaxıstana sürgün edilibmiş. Onları gətirib boş bir əraziyə, yaşayış imkanları olmayan yerə töküblərmiş. Təbiidir ki, yaşamaq uğrunda mübarizə başlayıb. O yerdə ilk doğulan körpəyə qoyulan ad Sürgün olub. Ona qədərsə ərazidən keçən və yeni sakinlərin adını bilmədiyi bir çaya Araz adı veriblər…

İndi isə “Azərbaycan dilinin izahlı lüğəti”nə baxaq. Burada Dədəli sözü belə izah edilir: “Atası olan, atalı”. Yaxud da “sahibi olan yer”.

Hələ belə bir bayatı da var:

Elədimi mən yetim,
Sən dədəli, mən yetim.
Özün murada yetdin,
Dua elə, mən yetim.

Məsələ ondadır ki, bu adda kənd yalnız mənim Dədəlimdən ibarət deyil. Hazırda Azərbaycan Respublikasında daha iki kənd bu adı daşıyır. Bunlardan biri Füzuli rayonunda dağ kəndidir. Əhalisi həmişə türklər olub. Sadəcə 1993-cü ildə Ermənistan oranı işğal edərək dağıdıb. İkincisi isə Ağsu rayonundadır, oranın da camaatı türklərdir.

Daha bir Dədəli isə Qərbi Azərbaycanda olub. Talin adlanan rayondakı bu Dədəlinin də əhalisi türklər olub. Lakin etnik təmizləmədən sonra ora ermənilər yerləşdirilib. Bu da azmış kimi həmin kəndin adı 1946-cı ildə dəyişdirilib – erməniləşdirilib. İndi onun adı ermənicə “Yeğnik”dir (Yenikənd)…

Hələ bu da hamısı deyil…

Qardaş Türkiyədə bu adda ən azı 10 kənd var. Bəlkə də daha çoxdur, araşdırsaq çıxacaq.

Türkiyə bir yana, Quzey Makedoniyadakı türk kəndlərindən birinin adı Dədəlidir, əhalisi də türklərdir. Özü də tarixi bir yaşayış məntəqəsidir, adı da həmişə Dədəli olub, yalnız türklər yaşayıb burada…

Bütün bunları nəzərə alaraq qardaş Türkiyə mənbələrində Dədəlinin nə anlama gəldiyini araşdırdıq…

Ümumiləşdirərək yazırıq, Türkiyə mənbələri Dədəlini belə izah edir: “Dədəli” kənd adı bir qayda olaraq “dədə” kökənli yaşlı, bilgə və ya önəmli bir ataya/adama aid anlam daşıyır. “Dədə” sözü türkcədə yaşlı və sayğıdəyər birini ifadə edər və bu cür yerləşim yerləri bir qayda olaraq bölgədə sözü keçən bir “dədə” (ocaqzadə, bilgin adam) tərəfindən qurulmuş və onun adı ilə tanınır. Anadoludakı bir çox yerdə Dədəli kəndləri var və bu ad kökəni bir dədəyə gedib çıxan, mənəvi dəyəri yüksək olan anlamındadır…

Başqa mənbələr də Türkiyədə bunu belə izah edir: Dədə (yaşlı/müdrik) sözünün özü ağsaqqal, ağıllı adamları ifadə edir. Bir kəndin Dədəli adlanması üçün onun qurucusunun və ya öndə gələninin bir dədə (pir, şeyx, ocaqzadə) ilə əlaqəsinin olması lazımdır.

Daha bir izah: Qəbilə/Ocaq anlamı. Əski türkcədə və ya Anadoluda dədələr soyun davamlılığını təmin edən, mənəvi ağırlığı təmsil edən şəxslərdir. Bu baxımdan Dədəli adlı yerlər bir dədənin ocağına və ya soyuna bağlı yerlər anlamına gəlir…

Və ən maraqlısı: 1923-cü ildə qardaş Türkiyədə Cümhuriyyət qurulduqdan sonra bütün sahələrdə, o cümlədən də yer adlarında islahatlar aparılıb, adlar milliləşdirilib. Beləcə çoxsaylı dəyişikliklər olsa da Atatürk Türkiyəsi Dədəli adı daşıyan heç bir yaşayış məntəqəsinin adının dəyişdirilməsinə izn verməyib…

Bütün bu faktorları bir araya toplayıb bir daha əmin oluruq ki, kəndimizin ilk və yüzillərin ötəsindən gələn tək adı – Dədəli türk adıdır, kəndin qurucuları da türklər olub, hətta 20-ci yüzilin başlanğıcına qədər bu kənddə yalnız türklər (tatarlar) yaşayıb. Lakin Rusiya Azərbaycan Xalq Cümhuriyyətini 1920-ci ilin 28 aprelində işğal etdikdən sonra Sovet hökuməti digər türklər kimi Azərbaycan türklərini də əridib yox etmək üçün saxta tarix uydurub. Ki, indinin özündə də biz hazırkı Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) və bənzər qurumlarının nəzarətində olan təbliğat kanallarında həmin saxta/uydurulmuş tarixdən gen-bol istifadəni görürük. Bunun nəticəsidir ki, artıq bəzi yarım qafalı təbliğatçılar Dədəlini ləzgi kəndi kimi qələmə verir, əhalisini də ləzgi sanır. Düzdür, kənddə ləzgi ailələri də var, haradan və nə vaxt gəldikləri də bəllidir. Üstəlik də kənddə heç kimə etnik mənsubiyyətinə görə fərqli yanaşma yoxdur, ola da bilməz. Amma kəndimizin tarixini saxtalaşdırıb gözümüzün içinə yalan üfürənləri də diqqətdən kənarda buraxmaq olmaz. Hələ bunlar Azərbaycan vətəndaşıdırsa, heç olmaz…

Sonda: Dünyanın hər yerində yer adlarının dəyişdirilməsi halları olub, olacaq da. Örnək üçün, ruslar 1804-cü ildə Gəncəni işğal etdikdən dərhal sonra onun adını “Yelizavetpol” qoydular. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti tarixi Gəncə adını bərpa etdi. 1920-ci ildə Azərbaycanı yenidən işğal edən ruslar Gəncəni işğalçı qırmızı ordunun komandanı Sergey Mironoviç Kirovun “şərəfinə” “Kirovabad” adlandırdı. Lakin bu da əbədi olmadı. 1980-ci illərin sonlarında başlayan milli azadlıq hərəkatı işığında Gəncənin adı yenə də bərpa edildi.

Lap sonda: …Sevindiricidir ki, Dədəlinin adı həmişə belə olub, heç vaxt dəyişdirilməyib və tarixin bütün mərhələlərində hər şeyi ilə türk olan “dədə” sözü və “-li” şəkilçisi ilə tanınıb. Əslində elə bu bir cümlə Dədəlinin əsl mahiyyətini açmağa yetərdi…

Mission News Theme by Compete Themes.