BAYRAQDAR MEDİA – 2025-ci ildə “Vecon Consulting” şirkətinin partnyor şəbəkəsində də ciddi artım qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya şirkətdən məlumat verilib.
Bildirilib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə yeni müştərilərin sayı 32 faiz artıb: “Ölkədə fəaliyyət göstərən bankların 17-si, yəni 74 faizi şirkətin partnyorudur və “Vecon Consulting” tərəfindən hazırlanan qiymətləndirmə hesabatları bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı 3-dür. Rusiyanın Beynəlxalq Qiymətləndirmə Mərkəzi və Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkətindən sonra Ukraynanın UVEKON şirkəti ilə də əməkdaşlığa başlanılıb. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərdə mənzil sifarişlərinin sayı 5,4 faiz artıb, fərdi yaşayış evləri üzrə sifarişlərin sayı isə 11 faiz azalıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə müraciətlərin sayında isə ötən ildə olduğu kimi 12 faiz azalma qeydə alınıb”.
Məlumata əsasən, “Vecon Consulting”in daimi partnyorlarının təkrar müraciətlərinin sayında 45 faiz artım müşahidə olunub: “Şirkətin regional nümayəndəliklərinin sayı 15-dən 17-yə yüksəlib və “Vecon Consulting” Azərbaycanın bölgələrinin 100 faizində təmsilçilik hüququnu qoruyub saxlayır. Hazırda digər qiymətləndirmə şirkətləri də bu nümayəndəliklərin xidmətlərindən istifadə edir ki, bu da ölkənin qiymətləndirmə sektorunda yeganə faktoloji göstəricidir. Qiymətləndirmə şirkətləri arasında peşə risklərinin sığortalanmasını həyata keçirən ilk şirkətlərdən biri olan “Vecon Consulting” 2025-ci ildə 1,5 milyon manat məbləğində sığorta təminatını saxlayıb. Hesabat dövründə şirkətin fəaliyyəti ilə bağlı hər hansı məhkəmə müraciəti olmadığından bu təminatdan istifadə edilməyib”.
Qeyd edilib ki, şirkət daşınar və daşınmaz əmlakın, eləcə də inşaat materiallarının qiymət təhlili sahəsində də fərqlənib: “İl ərzində şirkətin mütəxəssisləri tərəfindən 24 analitik qiymətləndirmə təhlili və 1167 rəy ictimaiyyətə təqdim olunub. Bunlardan 13-ü ödənişli əsaslarla tanınmış iqtisadi portallarda yayımlanıb. Hesabatlar paytaxt və regionlar daxil olmaqla 6 fəaliyyət sahəsini əhatə edib. Bundan əlavə, “Vecon Consulting” sayım və inventarizasiya istiqaməti üzrə xidmət portfelini genişləndirib, 2025-ci ildə kommunikasiya imkanlarını və peşəkar fəaliyyət üçün zəruri olan texniki vasitələrin sayını artırıb. Qeyd edək ki, “Vecon Consulting” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının regionlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, həmçinin hava və su nəqliyyat nümunələrinin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb. “Vecon Consulting” JSC International Valuation Centre, EVA Gayrimenkul Degerleme və UVEKON şirkətlərinin Azərbaycandakı rəsmi partnyorudur. Şirkət Mərkəzi Bankın, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun, eləcə də Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil təşkilatıdır. Eyni zamanda, “Vecon Consulting” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür. Şirkətin təsisçisi və direktoru Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti və tanınmış iqtisadçı ekspertdir”.





