Press "Enter" to skip to content

Bir insan, bir müəllim və bir rəhbər portreti

Elçin Salmanov
Gözəl
Gözəl

BAYRAQDAR MEDİA – Budəfəki müsahibəmizdə Qusar rayonunun Urva kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elçin Salmanov ilə söhbət edirik. Cavablarında şəxsi motivasiyası, pedaqoji yanaşması və idarəçilik təcrübəsi önə çıxır, şagirdlərə və komandasına necə rəhbərlik etdiyini görmək mümkündür.

-Elçin müəllim, sizi daha yaxından tanımaq üçün soruşum: özünüzü bir insan, bir müəllim və bir direktor kimi necə təsvir edərdiniz?

-Bəzən insanın bir davranışı bir ömür boyu qazandıqlarını, çəkdiyi əziyyəti, verdiyi zəhməti çox qısa zamanda heçə endirə bilər. Ona görə də bir insan kimi ilk növbədə inamı və etimadı qorumağı özüm üçün əsas prinsip seçmişəm. Həyatın axarında passiv şəkildə sürüklənməyi deyil, məqsədli şəkildə istiqamət götürməyi üstün tuturam. Çətinliklərdən çəkinmir, əksinə onları, nəticəyə aparan yolun ayrılmaz hissəsi hesab edirəm.

Müəllimlik mənim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. Ulu Öndər Heydər Əliyevin “Müəllim cəmiyyətin sütunudur” fikri bu peşənin mahiyyətini çox dəqiq ifadə edir. Məncə, müəllimin əsas vəzifəsi hər bir şagirdin daxilində gizlənən potensialı üzə çıxarmaqdır. Valideyn öz övladını, onun gələcəyini müəllimə etibar edir və bundan böyük etimad ola bilməz. Müəllim işlədiyim 12 il ərzində bu məsuliyyəti dərk edərək fəaliyyət göstərməyə çalışmışam.

Direktor kimi isə əsas hədəfim ədalətli idarəetmə, komanda ruhunun formalaşdırılması və sağlam, təhlükəsiz inkişaf mühitinin yaradılmasıdır.

-Müəllim olmaq arzunuz hansı müəllimdən və ya kimdən ilham alaraq formalaşdı? Bu arzunu sizdə kim yaratdı və gərgin fəaliyyətinizdə sizə dəstək olan şəxslər kimlərdir?

-Mən müəllim ailəsində böyümüşəm. Bu sahəyə marağım ilk olaraq ailə mühitində, daha sonra isə peşəsinə fədakar yanaşan orta məktəb müəllimlərimin təsiri ilə formalaşıb. Onların məsuliyyəti, səbr və şagirdə münasibəti mənim üçün örnək olub.
Hər bir sahədə olduğu kimi, təhsildə də gərginlik qaçılmazdır. Peşəsinə sevgi ilə yanaşan insan bu gərginlikdə səbr və təmkinlə düzgün qərar verməyi bacarmalıdır. Məktəbin direktoru uğurun əsas fiqurlarından biridir, amma məktəbin inkişafı yalnız rəhbərin deyil, bütöv komandanın işidir. Bu yolda mənim əsas dayaqlarım ailəm, məktəb kollektivim, həmkarlarım və dostlarımın mənə olan inamıdır.

-Özünüz həm kənd, həm də şəhər məktəbində təhsil almısınız, amma müəllim kimi kənd məktəblərində işləmisiniz. Bu iki mühitin fərqlərini görmüş biri kimi kənd məktəblərində işləmək sizdə ən çox nəyi formalaşdırdı?

-Kənd məktəblərində işləmək məndə səbr, sadəlik və insan amilinə daha dərindən yanaşmağı formalaşdırdı. Burada müəllim yalnız dərs deyən şəxs deyil, eyni zamanda istiqamət verən, motivasiya edən və valideyn qədər məsuliyyət daşıyan bir fiqurdur. Kənd məktəbləri müəllimi daha çevik, daha həssas və daha məsuliyyətli olmağa vadar edir.

-Müəllimlik yoluna çıxanda özünüzə verdiyiniz ən böyük söz nə idi və bu sözə bu günədək nə qədər sadiq qala bilmisiniz?

-Özümə verdiyim əsas söz bu idi: “İlk növbədə hər kəs öz işinin peşəkarı olmalıdır”. Peşəsindən asılı olmayaraq hər bir sahənin əsas devizi ictimai etimaddır. İnsan ən dəyərli varlığı olan övladını müəllimə arxayınlıqla etibar etməlidir. Valideyn uşağını məktəbə həvəslə göndərməli, onun gələcəyindən nigaran qalmamalıdır. Bu prinsiplərə sadiq qalmağa çalışmışam və bu gün də bu yolla davam edirəm.

-Atlıxan, Xürəl, və Avaran kənd məktəblərində işlədiyiniz illərdən aldığınız ən vacib pedaqoji dərs nə olub?

-Atlıxan (2010–2012), Xürəl (2013–2019, 2020–2022), Avaran (2019–2020 direktor əvəzi) məktəblərində işlədiyim illər mənə öyrətdi ki, hər bir şagird ayrı bir aləmdir. Müəllimin uğuru yalnız biliyində deyil, şagirdin ürəyinə yol tapa bilməsindədir. Dinləmək, başa düşmək, inanmaq və motivasiya etmək bəzən bir uşağın taleyində dönüş nöqtəsi ola bilir.

-Müəllimlikdən direktorluğa keçid sizə hansı məsuliyyətləri əlavə etdi və bu keçiddə üzləşdiyiniz ilk ciddi çətinlik nə idi?

-Direktor olmaq təkcə idarəçi olmaq deyil, həm də hər kəsin məsuliyyətini üzərinə götürməkdir. Xüsusilə də illərin təcrübəsinə malik müəllim kollektivi ilə işləmək məsuliyyəti daha da artırır. İlk çətinlik balansı qorumaq, həm ədalətli olmaq, həm də insan münasibətlərini zədələməmək idi.

-Direktor təyin olunanda qarşınıza qoyduğunuz ilk məqsədlər nələr idi?

-İlk məqsədim məktəbdə təhlükəsiz və sağlam mühit yaratmaq, müəllim kollektivində komanda ruhunu gücləndirmək və şagirdlərin potensialını üzə çıxara biləcək şərait formalaşdırmaq idi.

-Müəllim kollektivi ilə işləməkdə ən vacib prinsipiniz hansıdır və müəllimlərin etimadını qazanmaq üçün hansı yanaşmanı seçirsiniz?

-Ən vacib prinsipim ədalət və şəffaflıqdır. Müəllim bilməlidir ki, onun əməyi qiymətləndirilir və fikri dinlənilir. Etimad məcburiyyətlə deyil, münasibətlə qazanılır.

-Şagird–müəllim–valideyn əlaqələrini gücləndirmək üçün məktəbdə hansı mexanizmlər qurmusunuz və bu əlaqədə ən həssas nöqtə, sizcə, hansıdır?

-Daim açıq ünsiyyət, valideyn görüşləri və məktəb tədbirlərində birgə iştirak bu əlaqəni möhkəmləndirir. Ən həssas nöqtə isə qarşılıqlı etimadın qorunmasıdır.

-Ən çətin idarəetmə qərarınız hansı olub?

-Elə qərarlar olur ki, həm təhsil qanunlarını, həm məktəbin gələcəyini, həm də insan hisslərini eyni anda nəzərə almaq lazım gəlir. Ən çətin qərarlar məhz bu tarazlığı qorumağı tələb edən anlardır.

-Xaçmaz rayonunda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisini məktəbə dəvət etmisiniz. Bu təşəbbüs necə yarandı və bu görüşdən nə gözləyirdiniz?

-“Ulduzlar” Ədəbi Məclisinin fəaliyyətini sosial mediadan mütəmadi izləyirdim. Məktəbdə canlı ədəbi mühit yaratmaq və şagirdləri söz sənətinə daha da yaxınlaşdırmaq məqsədi ilə bu təşəbbüs yarandı.

-Bu ədəbi görüşün şagirdlərə təsirini necə qiymətləndirirsiniz? Onlarda ədəbiyyata marağın artdığını hansı məqamda hiss etdiniz?

-Ədəbiyyata marağın artmasını şagirdlərin kitabxanaya müraciətlərinin çoxalmasında, müzakirələrdə və yazı nümunələrində aydın hiss etdim.

-Məktəbdə ədəbi mühiti canlandırmaq üçün hansı fəaliyyətlər həyata keçirirsiniz? Yaradıcılığa meyilli şagirdlərin üzə çıxması üçün xüsusi modeliniz varmı?

-Ədəbi gecələr, oxu saatları, şeir və esse müsabiqələri təşkil edirik. Yaradıcılığa meyilli şagirdlərə fərdi yanaşma tətbiq olunur.

-8-ci Qrant müsabiqəsinin qalibi olmusunuz. Bu layihəyə çıxış ideyanız nə idi və layihə hansı problemi hədəfləyirdi?

-Layihənin əsas məqsədi müəllimlərimizin xaricdə beynəlxalq təhsil proqramlarına qoşularaq peşəkar inkişafını təmin etmək və bu yenilikləri məktəbimizə gətirmək idi.

-Qrant layihəsinin icrası zamanı hansı yenilikləri tətbiq etdiniz və həmin yeniliklər məktəbin inkişafına hansı şəkildə təsir etdi?

-Yeni tədris metodları, innovativ yanaşmalar məktəbdə dərs keyfiyyətinin yüksəlməsinə səbəb oldu.

-Urva kənd məktəbi idman nailiyyətləri ilə seçilir. Bu uğurların sirri nədədir: sistemdə, motivasiyada, yoxsa müəllim komandasının yanaşmasında?

-Bu uğurlar sistemli işin, motivasiyanın və xüsusilə idman müəllimlərimizin yüksək peşəkarlığının nəticəsidir.

-Şagirdləri idmana cəlb etmək üçün hansı üsullarından istifadə edirsiniz? Uşaq idmana sevgi ilə gəlir, yoxsa düzgün istiqamətləndirmə ilə?

-Urva idmansevər ruhu və potensiallı kadrları ilə seçilən kənddir. Sevgi düzgün istiqamətləndirmə ilə daha da güclənir.

-Məktəbin komandası rayonda və Respublikada hansı uğurlara imza atıb və bu uğurlar şagirdlərin özünəinamına necə təsir göstərir?

-İdmançılarımızın uğurlarını daim məktəb tədbirlərində qeyd edirik. Məktəbimizin voleybol komandaları dəfələrlə region və rayon turnirlərinin qalibi olub. Cari ildə atletika üzrə məktəbimizin komandası məktəblilər arasında region qalibi olaraq Respublika mərhələsinə kimi irəliləyə bilib. Bundan əlavə, Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş yarışda oğlanlardan ibarət komandamız rayon birincisi olub. Qızlardan ibarət voleybol komandamız isə Respublika mərhələsində inamla irəliləyir. Bu uğurlar şagirdlərin özünəinamını xeyli artırır. Məktəbimizin voleybol uğurlarına görə Voleybol Federasiyasının prezidenti Şahin Bağırovu, Sumqayıt Regional Voleybol Klubunun rəhbərliyi və məşqçilərinin diqqət və dəstəyini xüsusi vurğulamaq istəyirəm.

-Region təhsilində sizin üçün ən ağrılı problem nədir və bu problemin sizdə yaratdığı şəxsi narahatlıq nədən ibarətdir? Bu narahatlığın səbəbi mentalitet, şərait, yoxsa sistemdir?

-Respublika üzrə təhsilin idarəolunmasının regionallaşdırılması Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Hesab edirəm ki, regional təhsil idarələrinin yarandığı dörd ilə yaxın müddətdə xeyli iş görülüb. Bununla yanaşı, bu sistemin təkmilləşdirilməsinə ehtiyac var və bu da zamanla həllini tapacaq bir məsələdir.

-Bir insan olaraq, bir müəllim olaraq və bir direktor olaraq 5 il sonra Elçin müəllimi necə görmək istəyirsiniz? Özünüzə hədəf kimi hansı inkişaf yolunu müəyyənləşdirmisiniz?

Beş il sonra özümü dəyərlərinə sadiq, etimadı qoruyan, inkişaf edən bir məktəbin formalaşmasında payı olan bir insan, müəllim və ya direktor kimi görmək istəyirəm. Məqsədim arxada sağlam sistem və güclü komanda buraxmaqdır.

Mission News Theme by Compete Themes.